Xəbərlər

Məktəblər arasında idman növləri üzrə respublika çempionatının ilk mərhələsi yekunlaşıb

Məktəblər arasında idman növləri üzrə respublika çempionatının məktəbdaxili mərhələsi yekunlaşıb.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, oktyabr ayı ərzində ölkə üzrə 2397 ümumtəhsil müəssisəsində keçirilən yarışlarda 200 mindən çox məktəbli iştirak edib. Yarışlara basketbol idman növü üzrə 1442, voleybol üzrə 1303, atletika üzrə 2262, şahmat üzrə 675 məktəb qoşulub.

 

Yarışların noyabrın 1-dən başlanmış rayondaxili mərhələsində 2397 ümumi təhsil müəssisəsi üzrə 4 idman növündə 5682 məktəb komandası iştirak edəcək.

 

Xatırladaq ki, “Məktəblər arasında respublika çempionatı” bu il sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

 

Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəbləri şagirdlərinin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Həmçinin birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır.

 

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.