Xəbərlər

Muzeydə uşaqlar üçün ustad dərsləri

Abdulla Şaiqin ev-muzeyində “Abdulla Şaiqin nağıl obrazları uşaqların təsvirində” adlı tədbir keçirilib.

 

Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Sabir Qasımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Səkinə Bağırova tədbirdə iştirak edən kiçik yaşlı uşaqlara rəsm sənəti üzrə ustad dərsi keçiblər.

 

Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin uşaq əsərlərindən, parlaq obrazlarından söhbət açan müəllimlər, həmçinin balacalara payız fəslinin əlvan boyalarından istifadə etməyin yollarını anladıblar. Müəllimlərin köməkliyi ilə uşaqlar ədibin nağıllarından tanıyıb sevdikləri obrazları və rəngarəng payız lövhələrini rəngli qələmlərlə işləyiblər. Kiçik rəssamların mənzil muzeyinə bağışladıqları rəsmlər muzeyin ekspozisiyasında nümayiş olunub.

 

Sonda tədbir iştirakçıları maraqlı əl işlərinə görə təltif ediliblər.

 

Tədbirdən sonra balacalar muzeyin ekspozisiyası ilə də tanış olublar və xatirə şəkilləri çəkdiriblər.