Dastanlar

“Koroğlu ilə Aypara” qolu

Koroğlu oturub mağarada dəlilərdən küsmüşdü. Bu tərəfdən də Eyvazı gözləyirdi ki, Eyvaz gələ. Eyvaz gəlib çıxmadı. Koroğlu ağlayırdı. Elə bu dəmdə Eyvaz özün Koroğluya yetirdi. Koroğlu qolunu saldı Eyvazın boynuna, öpüşdülər. Səhəri gün Koroğlu Qıratı Eyvaza tapşırıb aşıq paltarı geydi, sazını qoltuğuna vurub çıxıb getdi. Koroğlu bir neçə mənzil yol gedib, gəlib çatdı İstanbul şəhərinə. İndi gəlin xəbəri İstanbul paşasının qızı Aypara xanımnan verim. Aypara xanım əmisi oğlu Osmana adaxlı idi. Aypara bilirdi ki, atası Xəlil paşaynan Koroğlunun arası yoxdu. Aypara xanım eşitmişdi ki, Koroğlu çox şücaətli adamdı. Pis məqamda olsa da düşmənə boyun əyən deyil. O, çox tələsirdi ki, Koroğlunu görə. Bir gün Aypara eyvanda gəzinirdi, bu dəmdə Koroğlu aşıq paltarında
gəlib eyvanın qabağından keçdi. Aypara xanım gördü ki, eyvanın qabağından keçən oğlan çox gözəl, möhkəm adama oxşayır.
Ayparanın qulluqçusu dedi:
– Xanım, bu Koroğludu!
Aypara xanım dedi:
– Koroğlu atamın qorxusunnan bu tərəflərə gəlib çıxmaz.
Qulluqçusuynan xanımın sözü çəp düşdü.
Aypara xanım dedi:
– İndi ki belədi, get çağır onu, görək kimdi?
Qulluqçunun adı Sənəmdi. Aşağı düşüb Koroğlunu çağırdı. Koroğlu gəlib dayandı eyvanın qabağında, gördü ki, iki qız yan-yana durub, birbirindən gözəl. Aypara xanım xəbər aldı ki, kimsən? Koroğlu bildirir ki, mən Koroğluyam. Sənəm Aypara xanıma dedi:
– Gördün Koroğludu!
Aypara xanım dedi:
– Sən Koroğlu deyilsən. Əgər Koroğlusansa de görüm onun ən yaxın dəliləri kimlərdi?
Cavabında Koroğlu dedi: Bir dəlim var adıda Eyvazdır.
Aypara xanım Eyvazın adını eşidib yəqin etdi ki, Koroğludu. Bu tərəfdən də Koroğlu hörüyünü Ayparaya görsətdi. Aypara xanım Koroğlunu tanıyıb, əmisi oğlu Osmanın məhəbbətini ürəyindən çıxartdı. Bir könüldən min könülə vurulub özünü ona nişan verdi.
Koroğlu bir az da irəli gəlib Aypara xanımı təpədən dırnağa kimi süzdü, sazı döşünə basıb görək nə dedi:
Mən gedəndə burda tikdirdim qala,
Koroğlu dönübdü bu bürcü ala,
Koroğlu boynuna qulac qol sala,
Nişan verib mənə dəlilər səni.
Koroğlu sözünü tamam elədi. Eyvana çıxıb Aypara xanımla qolqola verib girdilər otağa. Koroğlu burda bir neçə gün qalıb Ayparaynan keyf çəkməkdə olsun, sizə deyim Sənəmdən. Sənəmin də gözü Koroğluya düşmüşdü. Bir gün girəvə tapıb təklikdə Koroğluya dedi:
– Gəl baş yastıq olaq.
Koroğlu iki barmağıynan Sənəmin ağzından bir sillə vurdu. Sənəmin ağzı, burnu qanla doldu. Sənəm gəlib bulağa əl-üzünü yudu, tez özünü yetirdi Osmanın yanına. Çatcağın ona dedi:
– Bəylik taxtın yıxılıb; anan qara geysin, nə durmusan. Aypara Koroğluya aşiq olub. Bu saat onun yanındadı. Osmanın əhvalı dəyişdi. O, bir tərəfdən qorxuya düşdü, o biri tərəfdən də qeyrət hissi onu boğdu. Osman at minib, qoşun götürüb Koroğlunun üstünə yeridi. İndi eşit Ayparaynan Koroğludan. Koroğluynan Aypara xanım oturmuşdular eyvanda. Çay içib söhbət eləyirdilər. Birdən Koroğlunun gözü sataşdı yola, gördü ki, Osman atdılarnan ona sarı gəlir. 
Aypara tez xəbər aldı ki: – Nə olub?
Koroğlu dedi:
Nə təmizdi üzü ayın,
Yoxdu Rum elində tayın,
Sənəm çıxdı bizə xayın,
Dörd yanımı düşmən aldı.
Aypara bu sözü eşidən kimi Koroğlu baxan tərəfə baxıb gördü ki, Osman qoşunnan gəlir. Üzün tutub Koroğluya dedi:
– Doğrudu, gəlirlər. Amma məəttəl qalmışam ki, Sənəm bizi nə üçün satıb. Koroğlu Sənəmnən olan əhvalatı Ayparaya danışdı.
Aypara dedi:
– İndi ki, məni bu qədər sevib vəfalı çıxıbsan, gəl mən səni davasız-şavasız buradan qurtarım.
Koroğlu dedi:
– Mən gərək meydanda cövlan vuram. Osmana qan ağladam. Aypara xanım yalvarıb qoymadı. Durub gəldilər evə. Aypara xanım Koroğluya bir dəst arvad paltarı geyindirib bu biri qapıdan yola saldı. Koroğlu arvad paltarında çıxıb yolun bir tərəfində gizlənməkdə olsun, sizə deyim Osmandan. Osmangil bu tərəfdən gəlib çatdılar Ayparanın eyvanının qabağına. Eyvanı dövrəyə alıb dayanmışdılar ki, Koroğlu səsinin nazik yerinə salıb qışqıra-qışqıra atılıb üz qoydu Osmanın qoşununa sarı. Osman xəbər aldı ki, ay qarı, nə üçün qışqırırsan?
Koroğlu dedi:
– Necə qışqırmayım, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi Xəlil paşanın evini alt-üst elədilər. Koroğlu bunu deyib gözdən itdi, dərəyə çəkilib əlini belinə qoyub dayandı. Osman əmr verdi ki, qoşun əmisinə köməyə qayıtsın. Qoşun qayıdanda əl atıb atdarın birinin cilovuna, çəkdi dərəyə. Atdını boğub atını aldı. Qılıncını bağlayıb belinə, gözlədi. Bu tərəfdən qoşun gözdən itib getdi. O biri tərəfdən də tək qalan Osman özünü yetirdi Ayparanın qapısına. Qapını döydü. Aypara xanım qapını açmadı. Bu dəmdə Koroğlu Osmana özünü yetirdi. Osmanın qolun bağlayıb atdı bir yana. Aypara xanım eyvandan baxırdı. Bunu görüb Koroğluya dedi:
– At quyuya!
Koroğlu Osmanı yernən sürüyə-sürüyə götürüb saldı dərin bir quyuya. Ağzına da bir dəyirman daşı çevirib çıxıb getdi Ayparanın yanına. Oturub keyfə başladılar. Dəlilər Koroğlunun yadından çıxmışdı. Koroğlu ikinci gün Ayparanı götürüb keçdi başqa bir yerə. Xəlil paşa işdən xəbərdar olub Koroğlunun dalısıncan adam saldı. Bu tərəfdən də Sənəm Koroğlunun dalısıncan gəzirdi. Koroğluynan Ayparanı tapa bilmədilər. Xəlil paşanın ovqatı təlx olub elan verdirdi ki, kim Koroğlunun yerini desə bir kisə qızıl verəcəyəm.
Koroğlu dəlilərdən düz bir ildi ki, ayrılmışdı. Ayparadan bir oğlu olmuşdu. Dəlilər çox gözlədilər. Doqquz ay başa çatandan sonra Eyvaz dedi:
– Dəlilər, gərək gedək Koroğlunun dalısıycan. Çünki Koroğlu bizdən çox ayrı düşsəydi bir ay düşərdi. Amma doqquz aydı ki, ondan xəbər yoxdu. Gəlin üç aylıq yolu bir aya başa vurub gedək Koroğlunun dalısıycan. Dəlilər razı olub Qıratı da özləriynən götürüb getdilər. Dəlilər oba-oba, şəhər-şəhər gəzib Koroğlunu axtarırdılar. Dəlilər gəzməkdə olsun, xəbər verək Xəlil paşadan. Xəlil paşa elan verdirmişdi ki, kim Koroğlunun yerini bilib desə bir kisə qızıl verəcək. Sənəm Koroğlunun əlindən yanıqlıydı. Özlüyündə and içdi ki, harda olsa Koroğlunu tapacam. Düşüb oba-oba onu gəzdi. İndi xəbər verək Koroğludan. Koroğluda bir xasiyyət vardı, həmişə işi bərkə düşəndə, ya pis yuxu görəndə çıxıb hündür bir yerdə namaz qılardı. Koroğlu dəliləri yuxuda görüb, əhvalı bir az dəyişmişdi. Qalaçanın təpəsinə çıxıb namaz qılırdı. Sənəm də el-obanı gəzib gəlib çıxmışdı bura. Birdən gördü ki, ucadan səs gəlir. Sənəm yeridi irəli, gəlib yetişdi qalaçaya, baxıb diqqət etdi ki, Koroğlu burdadı. Ayparanın da qucağında uşaq eyvanda
gəzişir. Tez özünü Xəlil paşaya yetirib dedi:
– Koroğlunun yerini tapmışam. Qızın Aypara xanım da onun yanındadı.
Xəlil paşa əmr verdi ki, qoşun hazır olsun. Qoşun hazır oldu. Sənəm qoşunu birbaş götürüb çıxartdı Koroğlu olan yerə. Sənəm qoşuna sərkərdəlik edib qoşunu dağın döşündə gizlətdi. Gecədən xeyli keçmişdi ki, Sənəm qoşunu götürüb gəldi Koroğlunun qalaçasına. Sənəm kəmənd atıb düşdü həyətə. Qapını açıb qoşunu çəkdi içəri. Eyvana çıxıb gördü ki, Koroğlu Aypara xanımnan yatıb. Uşağı da qoyublar özlərindən bir az aralı. Əmr verib tez Koroğlunun, Ayparanın əl-ayağını
bağlatdı. Bir vədə Koroğlu uşağın səsinə ayılıb gördü ki, düşmən dört tərəfi alıb. Burda bir qapa qapdı ki, gəl görəsən. Koroğlu tez Ayparanı səslədi. Aypara xanım səs ayıldı. Amma yuxuluydu. Oturub yerinin içində baxırdı, bilmirdi ki, nə olub. İstədi gözlərini ova ki, yuxusu qaçsın, gördü qolları bağladı. Koroğlu dartınıb qollarını açdı, oğlunun qoluna bir bazu bənd bağladı. Sənəm Aypara xanımı, Koroğlunu, bir də uşağı götürüb qatdı qoşunun qabağına. Üz qoydular Xəlil paşanın imarətinə sarı. Sənəmgil yolda Koroğlunun uşağını bir daşın dibinə qoyub çıxıb getdilər. Xəlil paşaya xəbər çatdı ki, Koroğlu tutulubdu. Paşa əmr elədi ki,
Koroğlunu aparıb salsınlar quyuya. Qızı Ayparanı da zindana saldırdı. Koroğlunu gətirib bir dərin quyuya saldılar.
Sizə xəbər verək bir qarıdan. Yaxınlarda bir qarı özünə ev tikmişdi, həyətində toyuq-cücə saxlamaqla məşğul olurdu. Qarının bir iti var idi. İt təzəcə doğmuşdu. İt bir gün bir çaqqal səsi eşidir, çıxıb üz qoyur səsə tərəf. Gəlib bir daşın dibində ay yarımlıq bir oğlan uşağı tapır. İtin uşağa yazığı gəlir. İstəyir onu aparsın, görür ki, uşaq acdı. Başlayır uşağa süd verməyə. Bir neçə gün it bu uşağı burda öz südü ilə saxlayır. Qarı itdən şəklənir. Bir gün itin dalısıncan düşüb gəlib çıxır
həmin daşın dibinə. Görür ki, daşın dibində bələkli bir uşaq var, it onu əmizdirir. Qarı tez uşağı götürüb evinə gəlir. Başlayır uşağı saxlamağa. 
Sizə deyək Koroğlunun dəlilərindən. Dəlilər gəlib çatmışdılar İstanbula. Qıratda bir xasiyyət vardı ki, Koroğlu hansı dəlikli daşda olsaydı iynən gəlib onu tapardı. Eyvaz Qıratı buraxmışdı qabağa. Qırat gəlib özünü yetirdi Aypara xanımın eyvanına. Buranı dolanıb iylədi. Sonra özünü yetirdi bir quyunun ağzına. Ayaqlarını döydü yerə. Eyvaz bildi ki, Koroğlu burdadı. Səs verdi. Koroğlu səsdən bildi ki, dəliləridi, dedi:
– Kəmənd atın.
Dəlilər kəmənd atıb Koroğlunu quyudan çıxartdılar. Koroğlu Qıratı çəkib ayaq qoydu üzəngiyə, dəlilərə dedi:
– Gəlin dalımcan.
Onlar atlarını sürüb yetirdilər şəhərə. Xəlil paşanın nə ki qoşunu vardı, hamısını qırıb-çatdılar başa. Koroğlu Xəlil paşanı öz əliynən öldürüb əmr verdi ki, Səməndi tapsınlar. Özü də Ayparanı axtarmağa getdi.
Koroğlu Ayparanı tapdı. Onlar bir-birinə sarıldı. Koroğlu Səməndi xəbər aldı. Aypara xanım ağladı. Koroğlu bildi ki, Səmənd yox olub, çox heyifsiləndi. Dəlilər axtardılar, Sənəmi də tapa bilmədilər. Koroğlu dəlilərini yığıb şadlıq məclisi qurdu. Dəlilərnən bir yerdə üç gün, üç gecə keyf çəkdilər. Siz də burda kefdə, damaqda olun.
-0-