Xəbərlər

Məktəblilər arasında keçirilən dama yarışının qalibləri mükafatlandırılıb

Bakı şəhəri üzrə məktəblilər arasında dama idman növü üzrə yarış keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağım qürurumdur” adlı yarışın təşkil olunmasının əsas məqsədi şagirdlərə vətənpərvərlik hissləri aşılamaq, onlarda dövlət atributlarına, xüsusən üçrəngli bayrağımıza olan sevgi və ehtiramı yüksəltmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, məktəblərarası əməkdaşlığı gücləndirməkdir.


BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 84, 85, 140, 232, 316, 327 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət komandalar 3 tur üzrə yarışda qalibiyyət uğrunda mübarizə aparıblar.


Yarışın nəticələrinə əsasən, 85 nömrəli tam orta məktəbin komandası birinci, 232 nömrəli tam orta məktəbin komandası ikinci, 316 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.


Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.