Nağıllar, hekayələr

Qayıqda dörd nəfər

Göyərtəni işıqlandıran zəif lampanın kədərli işığında dörd nəfər idilər: sarısaçlı qadın, çiy ət qoxuyan qəssab, daz professor, bir də tənbəki çəkən gənc. Dördü də sonuncu gəmiyə gecikmiş, qayığa minmişdi.
Gecə ulduzsuz, dəniz azacıq dalğalı idi. Qayığa çırpılan kiçik dalğalar arabir göyərtəni isladırdı.


Sarışın qadın skamyada əyləşib dənizə baxırdı. Gənc oğlan gözaltı onu süzürdü. Professorun fikri tramvayda oxuduğu məqalədə qalmışdı. Qəssab isə bu gün alverdən əldə etdiyi gəliri hesablayırdı.
Qadın, deyəsən, üşümüşdü. O qalxıb kayuta doğru getdi. Amma içəri girəndə başı fırlandı. İçəridən benzin və qızmış dəmir qoxusu gəlirdi. Qadın dərhal pəncərəni açıb qarşısında oturdu.


Uzaqda iki zenit projektoru sanki göy üzündə nə isə axtarırdı. Projektorlardan birinin işığı qaranlıq səmada sağdan sola, o birininki soldan sağa sürətlə hərəkət edir, bəzən ortada birləşirdi. Bu zaman gecənin zülmətini yaran gur işıq zövq oxşayırdı.


Sarışın qadın bu mənzərəyə baxarkən bir az aralıda dənizə işıldaböcək kimi bir şey uçdu. Sonra onların sayı çoxalmağa başladı. Qadın bir-birini qovan bu əcaib böcəklərin qapqara dənizə enmələrinə dalğın şəkildə tamaşa etdi.


Birdən qızmış dəmir qoxusu daha da kəskinləşdi. Qadın nə baş verdiyini bilmək üçün ətrafa göz gəzdirdi. Kapitan kayutunun qapısından bayıra tüstü sızırdı. Qadın çaşmış halda qapının dəstəyindən yapışıb açdı və bu zaman tüstünün içində kapitanla köməkçisini yerə çömbəlmiş halda, qan-tər içində gördü. Az qaldı özündən getsin. Sonra: “Yanırıq... Kömək edin!” – deyib özünü kənara atdı. Qadının fəryadı bir andaca göyərtədəkiləri bir-birinə vurdu. Kapitan kayutunun açıq qapısından sızan acı tüstü vahiməli şəkildə burularaq göyərtəni ağuşuna alırdı. Qəssab çaşmış halda bayaqdan üstündə oturduğu döşəkçəni qucaqlamış, professor isə qayıqdakı yeganə xilasedici həlqəni boynuna keçirmişdi.


Sarışın qadın həyəcandan tənbəkisini əlindən salan gənc oğlana doğru qaçdı:
– Xilas edin məni... Məni xilas edin, üzməyi bacarmıram! – deyə yalvardı.
Gənc titrək bir səslə: “Mən də bacarmıram”, – dedi. Amma yalan danışırdı. Az da olsa, üzməyi bacarırdı. Hər halda, yarım saat suyun üzündə qala bilirdi... Amma tək özü...
Qadın ondan ümidini kəsib qəssabdan kömək istədi. Qəssab isə əllərini qaldırıb: “Bu təhlükəli vəziyyətdən qurtulsam, üç qurban kəsdirəcəyəm”, – deyə Allahdan kömək istəyirdi.
Professorun vəziyyəti lap xarab idi. Hələ səhər dərsdə Sokratın həyata önəm vermədiyini bildirir, əsl filosof üçün bunun heç də çətin olmadığını, özünün də Sokrat kimi ölümü təbəssümlə qarşılaya biləcəyini söyləyirdi. Təəccüblüsü də budur ki, bütün bunlara tələbələri kimi özünü də inandırmışdı.


Qadın indi də qaba su dolduran köməkçini qucaqlayaraq yalvarırdı: “Siz Allah, məni buraxmayın, nə olursa olsun, tək qoymayın”. Köməkçi onu sakitləşdirməyə çalışdı. Elə bu zaman kapitanın səsi eşidildi:
– Tərpənməyin, nə edirsiniz?! Qayığı batıracaqsınız!
Hiddətli olmasına baxmayaraq, səsində insana inam verən bir şey vardı. Yoxsa... Yoxsa yanğını söndürmüşdü? Bəli, əlbəttə, söndürmüşdü. Söndürməsəydi, qışqırmağa vaxt tapardı?
– Necə mərdimazarlara rast gəldik e!
Nə qədər təhqiramiz səslənsə də, indi kapitanın sözləri sərnişinlər üçün xoş avaz kimi səsləndi.
Professor yaxasını düzəldib bir-iki dəfə öskürdü. O da istədi: “Bu nə çaşqınlıqdır? Bir sakitləşin, bəylər”, – deyə hamını təmkinli olmağa çağırsın. Ancaq yaxşı ki, demədi. Çünki xilasedici həlqə hələ də boynunda idi.


Bir az sonra hər şey öz qaydasına düşmüşdü. Külək boğucu tüstü ilə bərabər, ölüm qorxusunu da göyərtənin üstündən sovurub aparmışdı. Köməkçi qolu ilə tərini silirdi. Bu həngamədə çox yorulmuşdu.
Göyərtəni işıqlandıran lampanın kədərli işığında yenə dörd nəfər idilər. Yenə öz dünyasına qapanmış dörd adam.

Qadın sakitləşmiş kimi görünürdü. Gənc yenə tənbəkisini çəkirdi. Amma artıq qadına tərəf baxmırdı.
Professor evdə onu gözləyən arvadını, indi həmişəkindən çox sevdiyi çəhrayı yanaqlı uşaqlarını düşünürdü.
Qəssab isə bir az əvvəl dediyi üç qurbanı ikiyə endirmək üçün vicdanını yola gətirirdi. Hətta sahilin işıqları görünəndə iki qurban birə endi. Həmdə onu artıq Qurban bayramında kəsəcəkdi.
Qayıqdan ilk tullanan professor oldu. Onun dalınca qayığı gənc tərk elədi. Qəssab qaça-qaça, hoppana-hoppana bir andaca yoxa çıxdı.
Sarışın qadın ən axıra qalmışdı. Yellənən qayıqdan sahilə düşməyə heç cür cəsarət etmirdi. Köməkçi əlini ona uzatmaq istədi. Amma qadın bu tər qoxulu kobud adamın əlini tutmamaq üçün sıçrayışla sahilə atıldı, qürurlu və dəbdəbəli yerişlə buradan uzaqlaşdı.

 

Haldun Tanerin eyniadlı hekayəsi əsasında işlənmişdir.