Odlar Yurdu

Qum bazilikası

Elmi ədəbiyyatda Qum bazilikası adlanan üçnefli, günbəzli alban məbədi Qax rayonunun Qum kəndi ərazisində yerləşir. 


IV–V əsrlərə aid qədim Bizans memarlığındakı bazilika tipində inşa olunub. Bazilika, latın dilində basilevs-hökmdar, bazilika isə hökmdarın evi mənasını verir. 


Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun"Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir. 

 

 

Qum bazilikası planda 36,5 metr uzunluğunda, 19,3 metr enindədir. Məbəd 3 tərəfdən eyvanla əhatələnib, içərisində 3 nef (zal) var. Məbədə şərq tərəfdən bitişik kvadrat şəkilli otaqlardan biri qurbangah, digəri isə ruhani otağıdır. Məbədin daxili hissəsi 2 cüt T şəkilli sütun və söykənclə 3 nefə bölünmüşdür. Apsidanın (məbəd divarında yarım qövs formalı çıxıntı) mehrab üstündəki hissəsi nal şəkillidir. Pilon və söykənclər kərpicdən tikilmiş nalvari talvarı saxlayır. Məbədin 3 qapısı olmuşdur. Qapı üstləri yarım qövs şəkilli tağlarla bəzədilmişdir. Qapılar eyvanlara açılır. Qum məbədinin tikintisində əsasən yonulmuş çay daşından istifadə olunmuşdur. Daxildəki konstruksiya işləri isə bişmiş kərpiclə tamamlanmış, damı kirəmitlə örtülmüşdür. Tədqiqatçılar memarlıq xüsusiyyətlərinə görə Qum məbədinin təxminən VI əsrdə inşa olunması haqqında ümumi rəyə gəlmişlər.

 

Planda T şəkilli sütunların iki cütü və bir cüt plastrlar üçnefli kompozisiya yaradaraq günbəzli baraban üçün özül rolunu oynayır. Məbəd üç tərəfdən sütunlardan yaradılmış qalereya formalı örtüklə və nalşəkilli tağlarla əhatə edilmişdir.

 

Bazilikanın daxilində dördbucaq formalı ibadət zalı var. Mərkəzi nef təxminən üç dəfə başqalarından genişdir və nalşəkilli apsida ilə tamamlanır. Divarlar göy və tünd yaşıl rəngə çalan çay daşlarından tikilib. Konstruksiyaların bəzi yerlərində bişmiş kvadrat kərpic istifadə olunub. Belə kərpicin və daşın qarışığı Qafqaz Albaniyasının I əsrə aid olan tikililərində mövcud idi. Məbədə konstruktiv möhkəmlik vermək məqsədilə sütunlar, tağlar və bəzi memarlıq elementləri bişmiş davamlı kərpicdən inşa edilmişdir.

 

İri taxtalardan yaradılmış örtüyün təqribən mərkəzində, əsas girişin qarşısında sütun var. Yanlardan məbədə istiqamətlənmiş digər iki giriş isə qapanmayıb. Abidənin Şərq fasadı rayondakı Mamrux və Ləkit məbədlərindəki kimi iki guşəyə - səcdəgaha və mərkəzi apsisə malikdir. Yandakı neflər kobud şəkildə yonulmuş daşlardan ucaldılaraq qabarıq tağlarla örtülmüşdür. Aydın plan, səliqə ilə yerinə yetirilmiş konstruksiyalar, yerli inşaat materiallarından məharətlə istifadə olunması, çaydaşı ilə kvadrat formalı bişmiş kərpicin uzlaşdırılması binanı yaratmış ustanın yetkinliyindən xəbər verir. Bu möhtəşəm abidədən, demək olar, dövrümüzə yalnız onun əsas həcmi və bəzi yerlərdə dam örtüyünün hissələri gəlib çıxıb.