Dastanlar

“Koroğlunun qocalığı” qolu

Koroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu. Yanında bircə vəfalı alagöz Nigar qalmışdı. Bir yaz günü idi. Koroğlu paslı Misri qılıncı belinə bağlayıb Nigarı da yanına alıb piyada harasa gedirdi.  Baxdı yolun qırağında bir kişi bir cüt öküz otarır. Amma kişinin çiynində yarı taxta, yarı dəmir bir şey var. Kişinin yanına gəlib soruşdu:
– Ay kişi, bu nədi, çiyninə keçiribsən?
Kişi dedi:
– Bu, tüfəngdi.
– Tüfəng nədi?
– Bunun içində güllə olur. Adama, heyvana dəyəndə öldürür.


Koroğlu kişinin sözünə inanmadı. Tutdu yaxasından ki, vur mənə görək necə öldürür?


Kişi vurmaq istəmədi. Axırı çox deyişmədən sonra Koroğlu kişiyə dedi:
– İndi ki, belə oldu, al bu qan bahası, at öküzlərə görüm necə öldürəcək.


Kişi gördü Koroğlu əl çəkən bəla deyil. Axırda tüfəngini çəkib öküzün birini nişan aldı. Tüfəng açılan kimi öküz yerə yıxıldı. Koroğlu gördü öküz doğrudan da öldü.

Götürüb bir tüfəngin oraburasına baxdı, sonra sazı bağrına basıb görək nə dedi:
Titrəyir əllərimi, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dahanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?


Deyirlər Koroğlu sözün tamam eləyəndən sonra Misri qılıncı belindən açıb yerə tulladı. Dedi:
– Namərd əyyamıdı. Daha mən Koroğluluğumu yerə qoydum.


Nigar Koroğlunun gözünü oğurlayıb Misri qılıncı götürüb gizlətdi. Koroğlu Nigar ilə bərabər ordan yola düşdülər. O gün axşama qədər yol getdilər. Axşam vaxtı bir şəhərə çatdılar. Şəhərdə onları qonaq eləyən olmadı. Axırda naçar qalıb bir uca imarətin dibində gecələməli oldular. Gecədən xeyli keçmişdi, bir də baxdılar budu yeddi yaraxlı adam gizlənə-gizlənə gəlib imarətin üstünə çıxdılar. Sən demə bu imarət Alı paşanın xəzinəsi imiş. O oğrular da xəzinəni yarmağa gəliblərmiş. 

Koroğlu fikir verib gördü bunlar damın üstünü söküb içəri girdilər. Xəzinəni yarıb yüklərini tutub getmək istəyəndə Koroğlu qalxıb başlarının üstünü aldı ki:
– Nəçisiniz? Gecə vaxtı burda nə gəzirsiniz?
Oğrular əkilmək istədilər. Koroğlu onları tərpənməyə qoymadı. Tutub hamısının əl-ayağını bağladı, yerə uzatdı ki:
– Kişi mərd olar. Oğurluq it peşəsidi. Padşahlara ədavətiniz var, dava eləyin, açıq meydanda mərdi-mərdanə savaşın, sonra xəzinəsi də sizə halaldı. Yoxsa ki, gecə oğurluq eləməyin!
Oğrular nə qədər ona pul, qızıl vəd verdilərsə Koroğlu razı olmayıb dedi:
– Yox, mən bir mərd adamam. Belə alçaq işləri görə bilmərəm. Siz kişi deyilsiniz, kişilərin adlarını batırırsınız.


Qərəz, çox baş ağrısı olmasın, elə ki, sabah açıldı, xəzinəçi gəlib əhvalatı belə görəndə qaçıb Xotkara xəbər verdi. Xotkar əmr verdi, oğruları, Koroğlunu, Nigarı yanına gətirdilər. Koroğlu nə olmuşdu başdan-ayağa hamısını xotkara danışdı. Xotkar oğruların cəzasını verəndən sonra Koroğludan soruşdu:
– Yaxşı, qoca, bəs sən kimsən ki, mənə bu yaxşılığı elədin?


Xotkarın cavabında Koroğlu özünü təqdim etdi.


Xotkarın qorxudan tükləri biz-biz oldu. Başındakı tükləri, o necə deyərlər, ayağına zalan gəldi. Baxdı ki, illərlə axtardığı qoç Koroğlu özü-öz ayağı ilə gəlib çıxıb buraya. Bir fikirləşdi əmr edib tutdursun. Ancaq Koroğludan o qədər yemişdi, onu elə tanımışdı, bildi ki, onu belə tutmaq mümkün olmayacaq. Ona görə də hiylə niqabını üzünə çəkib başladı onu aldatmağa. Üzünü Koroğluya tutub dedi:
– Ay Koroğlu, sən mənim düşmənimsən, amma bu gün dostluq elədin, mərdlik işlətdin. Mən daha səni özümə düşmən bilmirəm. İndi məndən nə istəyirsən istə, bu yaxşılığının əvəzində nə istəsən sənə verəcəyəm.
Koroğlu dedi:
– Mən səndən heç nə istəmirəm, məni burax gedim.
Xotkar dedi:
– Koroğlu, qocalmısan, daha dağlarda Koroğluluq eləyəsi deyilsən, gəl mənim yanımda qal. Ölənə qədər sənə ata yerində qulluq eləyim. Sən də mənim məsləhətçim, tədbirçim ol.


Koroğlu Xotkarın sözlərini qəbul eləmədi. Gedəsi oldu. Xotkar üzdə onlara çox hörmət elədi. Koroğluya, Nigara yaxşı paltar verdirdi, hərəsinə bir at bağışladı. Koroğlu da onunla əl verib atlandı. Nigar ilə yola düşdü. Koroğlunun getdiyi yer bəlli deyildi. Ağzı hayana gəlsə atı sürürdü. Onlar getməkdə olsunlar, sənə deyim Xotkardan. Elə ki, Koroğlu aralandı, Xotkar doqquz nəfər yaxşı tüfəngatan çağırıb onların dalınca göndərdi ki, dağlarda, daşların arasında Nigarı Koroğlunun əlindən alıb özünü də ya öldürsünlər, ya da diri tutub gətirsinlər. Bu doqquz nəfər bir kəsmə yoldan gedib bərəni kəsdilər. Koroğlu başı aşağı Nigarla gedirdi. Bir də baxdı doqquz yerdən üstünə tüfəng lüləsi tuşlandı. Koroğlu atları saxladı. Xotkarın adamları yol üstə çıxdılar. Koroğlunun üstünə qışqırıb atdan düşmələrini əmr etdilər. Koroğlu dava eləmək istəmirdi. Özü atdan düşdü. Nigarı da düşürdü. Adamlardan birisi yaxına gəlib yoğun bir kəndirlə onun qollarını möhkəm-möhkəm
bağladı. Koroğlu yenə də bir söz demədi. Adamlar Nigarı ondan ayırmaq istədilər. Koroğlu işi belə görəndə soruşdu:
– Onu hara aparırsınız?
Dedilər:
– Paşaya aparırıq. Səni də aparıb zindana salacağıq. Sənə göstərəcəyik ki, Koroğluluq necə olar?


Koroğlu gördü igidlik, namus yeridi, alagöz Nigar əldən gedir. Dəli nərə çəkdi. Kəndir tikə-tikə olub yerə töküldü. Qorxudan paşanın adamlarının əllərindən tüfəngləri töküldü. Vəfalı Nigar gizlətmiş olduğu Misri qılıncı çəkib Koroğluya verdi. Koroğlu onların hamısının boynunu vurub Nigarı götürüb təzədən Çənlibelə
döndü. Nigarla orada yaşamağa başladı. Bu işdən bir müddət keçdi. Bir gün Koroğlu yanında alagöz Nigar Çənlibeldə oturmuşdular. Bir də vəfalı aşıq Cünun gəlib çıxdı. De xoş-beş, on beşdən sonra Koroğlu soruşdu:
– Aşıq Cünun, nə yaxşı, köhnə dostu necə oldu ki, yada saldın?
Aşıq Cünun sazı döşünə basıb dedi:
Sənə deyim, qoç Koroğlu,
Düşmənlər gələcək oldu.
Sonun olar puç, Koroğlu,
Aşıq Cünun saznan dediyi kimi söznən də dedi ki:
– Ay Koroğlu, Qıratı neyləmisən? Paşalar qoşun çəkib sənin üstünə gəlir.


Aşıq Cünuna cavabında aldı görək Koroğlu nə dedi:
Sənə deyim, Aşıq Cünun,
Çağır gəlsin xan Eyvazı!
Tar eyləyim düşmən günün,
Çağır gəlsin xan Eyvazı!


Aşıq Cünun Koroğludan ayrılıb Eyvazı axtarmağa getdi. Dağları, daşları çox gəzdi, Eyvazı tapa bilmədi. Bir biçənəkdə Dəmirçioğluna rast gəldi. Gördü Dəmirçioğlu əlində yaba ot yığır. Aşıq Cünun Dəmirçioğluna düşmənlərin Çənlibelə gəldiyini söylədi. Dəmirçioğlu gecə-gündüz çöldə olduğundan üzünü, başını tük basmışdı. Bir dəlləyin yanına gəlib dedi:
– Usta, mənim saqqalımı qırx.
Dəllək dedi:
– Mollalar saqqal qırxmağı qadağan eləyib. Qırxa bilmərəm.
Dəlləyin cavabında aldı Dəmirçioğlu görək nə dedi:
Sənə deyim, usta başı,
Qazı dibindən, dibindən!
Olmagilən işdə naşı,
Qazı dibindən, dibindən!


Dəllək gördü bu o deyənlərdən deyil. Heç deyəsən istiot-zad dadmayıb. Bir az da oyan-bu yan eyləsə, elə doğrudan qılıncı yendirəcək. Canının qorxusundan onun üzünü, başını qırxıb təmizlədi. Dəmirçioğlu dəlləyin haqqını verib ordan yola düşdü. Dağları aşdı, dərələri keçdi. Bir qayanın ətəyində Dəli Həsənə rast gəldi. Dəli Həsən çox qocalmışdı. Dəmirçioğlu elə bilirdi ki, tay bu qədər ki, Dəli Həsən qocalıb, əvvəlki kimi Ərəbat üstündə yalın qılınc düşmən üstünə gedə bilməz, dəstələr dağıdıb, alaylar poza bilməz. Amma Dəli Həsəndə Dəli Həsən idi. Düşmənlərin gələcəyini eşitcək Dəmirçioğlu ilə atlanıb yola düşdülər. Dağlara, daşlara çıxıb Eyvazı axtarmağa başladılar. Çölləri, yamacları bir-birinə vurdular. Gəzdilər, dolandılar. Axırda Eyvazı tapdılar. Eyvaz Dəmirçioğlu ilə, Dəli Həsənlə görüşüb öpüşdü. Dəmirçioğlu ona vəziyyəti nağıl eylədi. Elə ki, söz tamam oldu Eyvaz, Dəmirçioğlu, bir də Dəli Həsən atlandılar. Dağlara, daşlara ün saldılar. Bir neçə günün içində bütün dəliləri yığıb Çənlibelə Koroğlunun yanına yola düşdülər. Bunlar getməkdə olsunlar, sənə kimdən xəbər verim, Koroğlu ilə Nigardan. Koroğlu gözlədi-gözlədi gördü deyəsən gələn olmadı. Cünunu göndərdi şəhərə ki, getsin paşalardan bir xəbər öyrənsin. Görsün nə vaxt gəlirlər, necə gəlirlər. Özü yenə də alagöz Nigarla tək qaldı. Nigar baxdı Koroğlu çox qəmgindi. Gəlib onun yanında oturub dərdi-dilinə yetişmək istədi. Koroğlu simləri qaralmış üç telli sazı sinəsinə basıb görək Nigara öz dərdi-dilini necə dedi:
Qarı düşmən güc gətirdi,
Qocaldım, Nigar, qocaldım.
Mənzilim başa yetirdi,
Qocaldım, Nigar, qocaldım.
Koroğlu elə təzəcə sözü deyib qurtarmışdı bir də gördü budu dəlilər gəlirlər. Koroğlunun könlü açıldı, ömrü təzələndi. Elə bil anadan təzə oldu. Aldı görək, dəlilərə necə xoş gəldin elədi.
Yenə ömür təzələndi,
Xoş gəldiniz dəlilərim!..
Qurtardım hicrandan, qəmdən,
Xoş gəldiniz, dəlilərim!..


O tərəfdən Alı paşa, Mehdi paşanı da çağırıb əhvalatı ona danışdı. Axırda sözü bir yerə qoydular ki, bəs Koroğlu qocalıb, dəliləri başından dağılıb. Gedək ondan qisasımızı alaq. Paşalar başlarına qoşun cəm eləyib Çənlibelə yola düşdülər. Onlar gəlməkdə olsun, sənə Çənlibeldə Koroğludan xəbər verim. Koroğlu paşaların gəlmək xəbərini eşidib üzünü dəlilərə tutub, aldı görək nə dedi:
Yaraxlanın, dəlilərim,
Paşalar meydana gəlir.
Müxənnətlər qoşun çəkib
Üz tutub bu yana gəlir.


Koroğlu o vaxtı ki, davadan əl çəkməyi əhd eyləmişdi, dəliləri başından dağıtmışdı. Qıratın da nallarını söküb çölə buraxmışdı. Amma gəl ki, vəfalı Qırat Çənlibeldən ayrılıb getməmişdi. İndi ki, iş belə oldu, bir tərəfdən də Aşıq Cünun gəlib xəbər verdi bəs paşalar dəmhadəmdi ki gəlib Çənlibelə çatsınlar.


Koroğlu Eyvazı çağırıb göndərdi gedib Qıratı tapıb gətirsin. Eyvaz gedib Qıratı tapıb gətirdi. Koroğlu yenə də Misri qılınc bağladı, qalxan taxdı, Qırata mindi.
Dəlilər də yaraqlandılar. Düşmən qabağında hazır oldular. O tərəfdən paşalar başlarında qoşun gəlib Çənlibelə çatdılar. Koroğlu, yanında dəlilər özünü paşaların qoşununa vurdu. Qoca Koroğlunun nərəsindən, Qıratın kişnəməsindən, dəlilərin hayqırmasından paşaların qoşunu özünü itirdi. Koroğlu başında dəlilər hər tərəfdən hücuma keçdi. Qoşun davam gətirə bilməyib qaçmağa üz qoydu. Koroğlu düşmanı qaçan görüb qanadlandı, dəli nərə çəkib Qıratı ildırım kimi sürüb özünü paşalara yetirdi. Qaçaraqda hərəsinə bir qılınc vurdu. Başları bostan kəliyi kimi dığırlanıb yerə düşdü. Qoca Koroğlu başında dəliləri at sürüb özlərini paşaların torpağına yetirdilər. Qiymətdən ağır, çəkidən yüngül bütün şeyləri atlara çatıb geri qayıtdılar. Çənlibelə az qalmış Aşıq Cünun Koroğlunu dayandırıb soruşdu:
– Qoç Koroğlu, ində nə deyirsən? Dəliləri buraxırsan, ya yenə də öz yanında saxlayırsan?
Koroğlu dedi:
– Yox, Aşıq Cünun! Mən daha koroğluluqdan əl çəkmişdim. Amma baxıram ki, bu olmayacaq. Nə qədər ki xotkarlar, paşalar, bəylər, xanlar var, mən Koroğluluğumu yerə qoya bilməyəcəyəm.


Bu sözü eşidəndə bütün dəlilər nərə çəkdilər. Atlar kişnədi, bədöylər oynadı. Qırat qızmış pələng kimi iki dal ayaqları üstündə qalxıb elə bir şeyhə çəkdi ki, dağ-daş titrədi. Hamısı bir yerdə təzədən Çənlibelə çəkildilər...