Bayatılar

Bayatılar

Dağlar marala qaldı,
Otu sarala qaldı.
Yaşıl meşə, göy bulaq,
O da marala qaldı.

 

Əzizinəm, oyan, gül,
O yan bülbül, o yan gül.
Könül fəğan eyləyir,
Nə yatmısan, oyan, gül.

 

 

 

Düşübdü qan arada,
Xəstə yox, qan arada
Oldum qəfəs bülbülü,
Qaldım mən qənarada.

 

Dağları en piyada,
Yolu kəs tən piyada.
Gedirəm haqqa çatam,
O atlı, mən piyada.

 

Gül əkdim gül məkanda,
Yerin bil, gül, məkanda.
Sən güldün, mən də güldüm,
Mən handa, gülmək handa?!

 

Dolub tamam bağ alma,
Bağban bəslər ağ alma. 
Yaram, nə sızıldarsan?
Sağalmırsan, sağalma!

 

Samavar yana-yana,
Buğlanır yana-yana.
Danışırıq kağızla,
Dil qalır yana-yana.

 

Bu yol gedir otara,
Otar hara, ot hara?
Yoxsul da bir at aldı, 
Yer tapmadı otara.