Görkəmli şəxsiyyətlər

Əl-Xarəzmi

Orta Asiya ərazisində yerləşən qədim Xarəzm vilayətinin Xivə şəhərində bir kahin nəsli yaşayırdı. İslam dini Orta Asiyaya yayıldıqdan sonra bu nəsil də müsəlmanlığı qəbul etdi. 780-ci ildə bu ailədə anadan olmuş uşağa uca peyğəmbərimizin adını qoydular. Məhəmməd kiçik yaşlarından babalarının nəsildən-nəslə ötürdüyü bilikləri mənimsəməklə yanaşı, doğma şəhərində tanınmış böyük alimlərdən dərs alır, hind və yunan elmi ilə yaxından tanış olurdu.


Bu dövr islam dünyasının elmi və mədəni yüksəliş dövrü idi. Xilafətin paytaxtı olan Bağdad şəhəri dörd min hektar sahəni əhatə edirdi. Böyük İpək yolunun üstündə yerləşən bu şəhər dövrün ən böyük ticarət və mədəniyyət mərkəzlərindən biri idi.


Abbasilər sülaləsinin hökmdarı xəlifə Harun ər-Rəşidin ölümündən sonra böyük islam dünyasını onun oğlu xəlifə əl-Məmun idarə edirdi. Bu şəxs islam tarixində elmin inkişafına səy göstərən tərəqqipərvər hökmdar, alimlərin böyük himayədarı kimi iz qoymuşdur. O, dünyanın hər yerindən tanınmış alimləri Bağdada dəvət edirdi. 819-cu ildə artıq yetkin bir alim kimi tanınan Məhəmməd əl-Xarəzmi də xəlifənin dəvəti ilə Bağdada gəldi. O, burada “Hikmətlər evi” adlanan elm ocağının yaradılmasında yaxından iştirak etdi.


825-ci ildə fəaliyyətə başlamış Hikmətlər evində o zamanlar üçün misli görünməmiş layihələr həyata keçirilirdi. Mərkəzin qədim əlyazmalarla zəngin olan kitabxanası, rəsədxanası, xəstəxanası və tədris hissəsi var idi. Burada 90-a yaxın alim çalışırdı. Alimlər o dövrə qədər yaradılmış məşhur əsərləri ərəb dilinə tərcümə edirdilər. Dörd əsrdən çox fəaliyyət göstərmiş bu elm ocağında yüzlərcə yeni elmi əsərlər yaradıldı. Sonralar bu əsərlər Avropada elmin inkişafında böyük rol oynadı.


Ömrünün sonuna kimi Hikmətlər evində yaşayıb işləmiş əl-Xarəzmi riyaziyyat, coğrafiya və astronomiya sahəsində 20-yə yaxın qiymətli əsərin müəllifi olmuşdur. Əl-Xarəzminin ən məşhur əsərləri riyaziyyat sahəsin dədir. Onun adı, ilk növbədə, “Əl-cəbr...” traktatı ilə elm tarixinə həkk olunub. Bu əsərdə əl-Xarəzmi cəbri müstəqil elm sahəsi kimi təqdim edib. Kitabın adındakı “cəbr” sözü sonralar riyaziyyatın bu sahəsi üçün əsas terminə çevrildi və bir çox xalqların dillərinə, o cümlədən bizim dilimizə daxil oldu.


Kitabda tənliklər sistemləşdirilərək altı növdə cəmləşdirilir və onların ədədi həlli üsulları verilir. Həmçinin müxtəlif həndəsi fiqurların sahələri və həcmlərinin ölçülməsi üsullarından bəhs edilir. Kitabın ikinci hissəsi tətbiqi məsələlərdən ibarətdir. ... alim burada məişət, ticarət və hüquq, əmlak və torpağın bölüşdürülməsi, kanalların tikilməsi və başqa sahələrdə məsələlərin həlli üçün riyazi üsullar təklif edir.
Əl-Xarəzmi “Hind hesabı haqqında” adlı ikinci riyazi traktatında o dövrdə Hindistanda yayılmış onluq say sistemini təsvir etmiş və bu sistemə uyğun hesab qaydaları vermişdir. Alim ilk dəfə olaraq hind rəqəmləri ilə ədədlərin yazılışında “əs-sifr” adlandırdığı “0” rəqəmindən istifadə etdi. Bizim işlətdiyimiz “sıfır” və “şifr” sözlərinin kökü də “əs-sifr” sözü ilə bağlıdır. Beləliklə, hind rəqəmləri əl-Xarəzminin kitabı vasitəsilə bütün dünyaya yayıldı və yanlış olaraq ərəb rəqəmləri adlandırıldı.


Əl-Xarəzminin riyazi traktatları üç əsr sonra ərəb dilindən latın dilinə, sonra isə başqa Avropa dillərinə çevrildi. Bu əsərlər bir neçə əsr Avropa universitetlərində riyaziyyatdan əsas dərslik kimi istifadə edildi və onların əsasında bir çox riyaziyyat dərslikləri yazıldı. Əl-Xarəzminin əsərləri sayəsində o zaman Hindistanda yayılmış onluq say sistemi Avropada tanındı və elmin inkişafında mühüm rol oynadı.
Xəlifə əl-Məmunun sifarişi ilə əl-Xarəzmi Yer kürəsinin diametrini ölçmək üçün araşdırmalar aparmışdı. Bu hesablamalar sonrakı 700 il ərzində Yer kürəsinin ölçüləri ilə bağlı ən dəqiq araşdırma hesab olunurdu.


Əl-Xarəzminin astronomiya sahəsində də ciddi işləri var. O, Hikmətlər evinin rəsədxanasından göy cisimlərini müşahidə edərək Günəşin, Ayın, eləcə də bir sıra planetlərin yerini, Günəş tutulmalarının vaxtını kifayət qədər dəqiq hesablamışdı. Alim astronomik cədvəllər tərtib etmiş, romalıların təqvimini təsvir etmiş, onu ərəblərin Ay təqvimi ilə müqayisə etmişdi.
Müasir informatika elminin əsas anlayışlarından olan “alqoritm” termini əl-Xarəzminin adının latın dilində yazılışından götürülüb.


Təəssüf ki, əl-Xarəzminin əsərlərinin az bir qismi bizə gəlib çatmışdır. 1258-ci ildə monqolların Bağdada yürüşü Hikmətlər evinin məhvi ilə nəticələndi. Deyilənə görə, Dəclə çayının suyu ona atılmış saysız-hesabsız kitabların mürəkkəbindən qara rəngə boyanmışdı.


Əl-Xarəzmi dünya elm və mədəniyyətinin görkəmli nümayəndələrindən biridir. Bu dünyadan köçəndən sonra onun qoyduğu elmi irs əsrlər boyu bəşəriyyətə xidmət edib.
Özbəkistanın Xivə şəhərində böyük alimin heykəli ucalır: dərin düşüncələrə dalmış müdrik qoca sanki yeni bir elmi traktat üzərində işləyir.