Təbiət

Hər lələyi bir rəngdə olan göyərçin

Nikobar göyərçini (Nicobar pigeon- Caloenas nicobarica) Hindistanın Andaman və Nikobar adalarının sahil bölgələrində yaşayan bir quşdur. Bu quş Caloenas cinsinin yaşayan yeganə növüdür. Həmçinin nəsli kəsilmiş olan dodo və Rodrigues solitaire quşlarının nəslinə  ən yaxın hesab edilən növdür.  Nikobar göyərçini 40 sm uzunluqda olan böyük bir quşdur. Baş və boyun tükləri boz rəngdən yaşıl və gümüşü rəngə doğru dəyişir.


Uzun bənövşəyi ayaqları olan göyərçinin pəncələri sarı, gözləri qara, bədənin geri qalan hissəsi isə bənövşəyi və metal yaşılıdır. Yaşı kiçik olanların ağ quyruqları yoxdur. Rəng baxımından dişi və erkəklər fərqlənməsə də,  erkəklər dişilərlə müqayisədə daha böyükdür. Nikobar göyərçini Tayland, Malayziya, İndoneziya, Filippin, Qvineya, Kamboca və Vyetnam da yayılmışdır. 

 

Ürkək canlı olduğuna görə insan əlinin dəymədiyi yerlərdə rast gəlinir və bəzən insanların tərk etdiyi ərazilərə koloniya halında köç edirlər. İnsanlarla iç-içə yaşamağı sevmədiyindən meşəlik ərazilərə üstünlük verirlər.  Burada ağaclardan tökülən toxumları, bəzən isə meyvələri yeyirlər. İlin istənilən ayında çoxala bilmək xüsusiyyətləri var. Özlərinə ömürlük həyat yoldaşı seçirlər. Sahil ərazilərində yuva qurar, yalnız bir mavi rəngli yumurta qoyurlar. Yuva qurulmasında və balaya baxmaq işlərində dişi və erkək- hər ikisi məsuliyyət daşıyır. Bərk olan qidaları həzm etmək üçün daş parçaları yeyirlər. Nikobar göyərçinini struktur olaraq nəzərdən keçirərkən, onların çox güclü mədələrə sahib olduğunu görürük. Mədələri hətta daş parçalarını belə həzm edir.


Bu göyərçinlər ətinə və mədə daşlarına görə ovlanır. Qidasının həzmində rol oynayan mədə daşları zərgərlikdə istifadə olunur. Ovlanmağı və 2004-cü ildə Hind Okeanı sunamisinin Nikobar adalarına vurduğu zərərdən sonra sayları azalmışdır. Buna görə də nəsli tükənmək təhlükəsindədir.