Təbiət

Yer ulduzu göbələyi: Geastrum fornicatum

“Geastrum fornicatum” göbələyi insan (əsgər) fiquruna bənzəyən bir göbələk növüdür. İngilisdilli ölkələrdə bu göbələyi “Günbəz formasında torpaq ulduzu” adlandırırlar. Digər adı isə “Yer ulduzu”dur. Rəngi boz və ya qəhvəyi olur. Baş hissəsi ovaldır. Gövdə nahiyəsindən isə 4 və ya 7 ulduz şəklində inkişaf edən qövslər,  yerin altında bitən ekzoperidiyaya bitişik olurlar. Göbələyin hündürlüyü 4-8 sm-ə çatır. Qövslərin uzunluğu isə 3-10,5 santimetrdir. 


Göbələyin daxili təbəqəsi ağ rəngdədir, inkişaf dövrünü başa vurduqdan sonra qəhvəyi rəngə çevrilir və çatlamağa başlayır.


Geastrum fornicatum göbələyinin sayı az olduğuna görə faydalı göbələk kimi az istifadə olunur. Xalq təbabətində bu göbələklər qandayandıran vasitə olaraq istifadə edilir. Onlar həmçinin güclü antiseptik təsirə malikdirlər. Tərkibi bədən üçün bir sıra faydalı maddələrdən ibarətdir.


Yer ulduzu göbələyi ən çox Rusiyanın mülayim zonasında yetişir. Şimali Amerika və Avropada da bu növ geniş yayılıb, lakin hər yerdə nadir sayda olur. Əsasən rütubətli meşələrdə bitir.


Göbələk yalnız  inkişafının ilkin mərhələsində qida üçün yararlı olur. Lakin gənc göbələkləri tapmaq olduqca çətindir, çünki bu müddət ərzində onlar tamamilə yeraltında olurlar. 


Nadir göbələk olduğundan Yer ulduzu göbələyi Qırmızı Kitaba salınmışdır.