Şeirlər

Cəfər Cabbarlı. Ölkəm

Şiş ucları buludlarla döyüşən, 
Dağlarında buzları var ölkəmin. 
Göy otlardan ipək paltar geyinən, 
Tarlaları, düzləri var ölkəmin.

 

Verimli torpağı, geniş çölləri, 
Çalışqan ərləri, igid elləri, 
Böyük gəmiləri, dəmir yolları, 
Keçidləri, rizləri var ölkəmin.

 

 

Göllərində ördəkləri üzərlər, 
Çöllərində maralları gəzərlər, 
Güllərindən gəlinlər tac düzərlər, 
Ceyran gözlü qızları var ölkəmin.


 
Coşğun Xəzər oynar ayaqlarında, 
İşıq saçan nəfti torpaqlarında, 
Tarixlərin qızıl yarpaqlarında 
Dadlı-dadlı sözləri var ölkəmin.