Şeirlər

Əhməd Cavad. "Ana"

Şu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var,
Nə zaman ki xəstə könlüm ölgün düşüb inlər, ağlar!
Fırtınalı göylərimi yıxmaq istər ildırımlar,
Nə zaman ki qərib ruhum yad ellərdən cana doyar!

 

Sən o zaman yetişərsən bir risalət qüvvəsilə!
Bir analıq ürəyilə … Nədir, allah üçün söylə,
Bu ərənlər silahını kimdən aldın, anlat böylə?..

 

Ağıldan da əvvəl mənə sən verdiyin o təmiz süd,
Vicdanıma dinlətdiyin o səmimi, o saf öyüd
Müqəddəsdir, gücün varsa, insan oğlu gəl də unut?!

 

Bəzən olur həyatımın dağlarını duman alır,
O gün sənin titrək laylan yollarıma işıq salır!
Sənin məmnun olduğun gün ruhum məndən məmnun qalır,
İnandım ki, cənnət sənin ayağının altındadır!