Nağıllar, hekayələr

Əmir və loğman

Bir gün Buxara əmiri ağır xəstələnir. Əmirlikdə olan həkimlərin heç biri onun dərdinə çarə qıla bilmir. Ağrıdan qovrulan əmir əmr edir ki, bilikli bir həkim axtarıb tapsınlar. Əmirin qoyduğu vaxt bitəndən sonra vəzir əmirin yatağına yaxınlaşıb baş əyir.


— Ya əmir, ölkədə daha heç bir həkim yoxdur. Lakin yenicə həkimliyə başlamış 15-16 yaşlarında bir uşaq var, bir o qalıb. Mənə elə gəlir ki, xəstəliklərin öhdəsindən gəlməkdə ona təbib bacarığı yox, təsadüflər kömək edir. Onu da hüzurunuza gətirməyə cürət etmədik.


Çarəsi kəsilmiş əmir yeniyetmə həkimi onun yanına gətirməyi əmr edir. Bu yeniyetmə həkim sonralar bütün Şərqdə loğman adı ilə məşhurlaşmış böyük həkim, alim, filosof, siyasi xadim Əbu-Əli ibn-Sina idi.
Hüseyni əmirin hüzuruna gətirirlər. O, qarşısında ortayaşlı, yanaqlarından qan daman, şişman bir adam görür.


Əmirin yatağının yanında yağlı plov, cürbəcür Şərq şirniyyatları, növbənöv çərəzlər düzülmüşdü. Hüseyn başa düşür ki, əmirin xəstəliklərinin əsas səbəbi onun düzgün qidalanmaması və hərəkətsizlikdir. Əmir güclə nəfəs alır, bədənində olan ağrılardan qovrulurdu.


Hüseyn əmiri müayinə etdikdən sonra ona pəhriz təyin edir. Saray həkimləri bir-birinə baxıb dodaqaltı gülürlər. Çarəsiz qalan əmir gənc loğmanın müalicəsini qəbul edir.
Bir həftədən sonra Hüseyn əmirin yanına gəlir. Onun müalicəsi müsbət nəticə vermişdi. Əmir ağrılardan qurtulmuş, özünü xeyli yaxşı hiss edirdi. Əmir gənc həkimi hörmətlə qarşılayıb onu tərifləyir və ondan nə istədiyini soruşur. Saray həkimləri bir-birinə baxıb qımışırlar:


- Uşağın necə də bəxti gətirdi. İndi nə qədər var-dövlət istəsə, əmir ona verəcək.
Loğman isə əmirə baş əyib bu sözləri dedi:
- Ya əmir, mən var-dövlət istəmirəm, mənim üçün kitabdan böyük dövlət yoxdur. Saray kitabxanasına daxil ola bilməyi çoxdan arzulamışam. Mən həmin kitabxanada kitab oxumaq istərdim.
O dövrdə Buxara kitabxanası İsgəndəriyyə kitabxanasından sonra dünyada ikinci böyük kitabxana idi. Burada olan kitabların qiyməti yox idi.


- Elə bu?! Saray adamları sakitcə gülüşdülər.
- İstədiyin elə budur? - deyə əmir gülümsəyərək soruşdu. Əmirin təəccübdən qaşları çatıldı. O, başa düşdü ki, Hüseynin onu sağaltması təsadüfi deyilmiş.
Əmir loğmana kitabxanaya buraxılış verməklə yanaşı, onu saray həkimi vəzifəsinə təvin edir.