Görkəmli şəxsiyyətlər

Boyalarda yaşayan ömür: Səttar Bəhlulzadə

Öz vətəninin gözəlliklərinə valeh olan Səttar Bəhlulzadə Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib. Onun mənzərələrində biz Azərbaycan təbiətinin zəngin məzmunlu, əsl poetik obrazını görürük.


Səttar Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. Hazırda bu fəhlə qəsəbəsinin küçələrindən biri rəssamın adını daşıyır. Burada S.Bəhlulzadənin həyat və yaradıcılıq yolunu canlandıran şəkil qalereyası da var. Öz vəsiyyətilə Əmircan qəbiristanlığında dəfn edilmiş sənətkarın məzarı önünə hər dəfə tər gül dəstələri ilə gələn sənətsevərlər onun əzəmətli tunc heykəlini seyr edirlər. Heykəltəraş Ömər Eldarov bu əsərilə Xalq rəssamına xalqın dərin minnətdarlığını ifadə edib. S.Bəhlulzadə 18 yaşına kimi Əmircandan kənara çıxmayıb. O, 1927-ci ildə qohumlarının məsləhətilə Bakıya gəlib və Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olub.

 

Rəssamlıq texnikumunu bitirdikdən sonra Səttar Bəhlulzadə 1933-cü ilə kimi “Kommunist” qəzetində əməkdaşlıq edib, bir qrafik rəssam kimi qəzet üçün şəkillər çəkib. Bütün illər ərzində o, təhsilini davam etdirmək, ali rəssamlıq məktəbində oxumaq fikrindən əl çəkməyib. 1933-cü ilin yayında o, Moskvaya gedib və B.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsinə daxil olub. Rənglər və cizgilər aləminin poeziyasına sözün əsl mənasında özünü fəda edən sənətkar, Azərbaycanın silsiləli uca dağlarını və mavi sularını, göz oxşayan düzlərini, hündür sərv ağaclarını və durna gözlü bulaqlarını, zümrüd rəngli göylərini və barlı-bərəkətli tarlalarını ilhamla təsvir və tərənnüm edib. 40-cı illər rəssamın yaradıcılıq həyatında axtarış illəri, dəzgah boyakarlığı və qrafikasının müxtəlif janrlarında səmərəli fəaliyyət dövrü olub. Bu dövrdə inqilabi-tarixi mövzularda çəkdiyi tamamlanmış tablolar, tematik şəkillərin eskizləri, portretlər daxildir ki, bunların da bir qismi hazırda respublika muzeylərinin fondlarında, digər qismi isə müəllifin şəxsi arxivində saxlanılır. Onun əsərlərindəki kompozisiyalarda peyzaj motivlərinin qabarıq işlənməsi, yığcam vasitələrlə əldə edilən kolorit ifadəliliyi nəzəri cəlb edən ən əlamətdar cəhətlərdən biridir.

 

Sənətsevər tamaşaçılar S.Bəhlulzadənin qrafika irsini çoxsəsli, mürəkkəb akkordlara bənzədirlər. Gözəllik diyarı Azərbaycan torpağını tərənnüm edən elə lirik və əzəmətli melodiyaya ki, o, Səməd Vurğunun dillər əzbəri olan məşhur şeirindəki “Azərbaycan...Azərbaycan” sözlərini bir daha xatırladır. “Ağsu yolu üstündə”, “Naxçıvan yadigarı”, “Qubada”, “Ordubad bağları” və s. bu kimi qrafik lövhələrdə, rəssam kompozisiya sxemini dəqiqləşdirir. İmprovizasiya bu lövhələrin məğzini təşkil edir.