Odlar Yurdu

Maarifçi fədailər- Aşurbəylilər

Aşurbəylilər nəslinin kökü qədim türk tayfalarından olan əfşarlara gedib çıxır. Nadir şah 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu indiki Sabunçu, Zabrat və Keşlənin ərazilərində yerləşdirmişdi. Onun dövründə Aşur xan Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub. Aşurbəylilər nəsli öz soyadlarım Aşur xan Əfşarın adından götürmüşlər. Aşur xanın beş oğlu olub.


1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra vəziyyət bir qədər dəyişir. Bəylərin və xanların hüquqları məhdudlaşdırılır. Lakin çar hakimiyyəti əhali arasında yaranan narazılığı gördükdə ali təbəqə ilə bir qədər “yumşaq” davranmaq qərarına gəlir. Ali təbəqəyə mənsubluğun bilinməməsi üçün bəylər özlərinə sonu “ov”la bitən “russayağı” familiya qəbul etməli idilər. Həmin vaxtdan bu nəslin nümayəndələri cəmiyyətdə Aşurbəyovlar kimi tanınırlar.

Bu nəslin ən tanınmış nümayəndələrindən biri Nabat xanım Qoça bəy qızı Aşurbəyovadır. O, Hacı İmamverdi bəy Aşurxan oğlunun nəvəsidir. Öz səxavəti və xeyirxahlığı ilə məşhur olan bu əsilzadə xanım varlı Bakı taciri Hacı Musarza Rzayevin həyat yoldaşıdır. Onların Hacı Abbasqulu Rzayev adlı bir oğulları, Əşrəf (Züleyxa) və Gülbəstə adlı qızları olub. Nabat xanım Bakıda neft mədənlərinə və çox böyük imarətlərə sahib imiş. Bu xeyirxah müsəlman qadını Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsünə qoşularaq Bakıya su kəmərinin çəkilməsində də bilavasitə iştirak edib.


Nabat xanımın həyatında gördüyü ən böyük iş Bakı şəhərində tikdirdiyi Təzə Pir məscidi olub. Məscidin özülünə birinci daşın qoyulması üçün Nabat xanım öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Doqquz ildən sonra məscidin baş günbəzinə sonuncu daşı da o qoyur. Deyilənlərə görə, Nabat xanım məscidin tavanını qızıldan etmək istəyirmiş. Lakin sonra buna maddi imkan çatmayıb. Bu məscidin tikilməsi barədə müxtəlif fikirlər söylənilir. Təəssüf ki, Nabat xanım məscidin tikilib-başa çatmasına cəmi iki il qalmış vəfat edir. Binanın tikintisi onun oğlu Hacı Abbasqulu Rzayev tərəfindən başa çatdırılır. 1914-cü ildə müsəlman aləminin gözəl memarlıq nümunələrini, ornamentlərini özündə birləşdirən möhtəşəm Təzə Pir məscidi Bakı müsəlmanlarının ixtiyarına verilir. Nabat xanım Aşurbəyovanın xeyriyyəçilik missiyası bununla bitmir. Deyilənlərə görə, olduqca xeyirxah olan Nabat xanım həftənin cümə günləri yaşadığı mənzilin qapılarını taybatay açıq qoyarmış. Bu isə ona işarə idi ki, yoxsullar həmin gün bu xanımın açdığı süfrəsində qonaq ola, öz dərdlərini ona danışa, bir sözlə, Nabat xanımın göstərdiyi mərhəmətin sayəsində mütəşəkkil işlərinə əlac tapa bilərdilər.


Təzə Pir qədər möhtəşəm və əzəmətli görünüşə malik digər bir Bakı məscidi Göy məsciddir. Bakılılar onu Göy məscid kimi tanıyır. Ancaq əvvəllər bu Allah evi onun əsasını qoyan Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı ilə «Əjdər bəy» məscidi də adlanırdı. Nabat xanım kimi, bu şəxs də məşhur Aşurbəyovlar nəslinə mənsub idi. Əjdər bəy Aşurbəyovun neft mədənləri var idi. Onun özü isə 10 ildən çox Bakı Şəhər Dumasının üzvü olub. Şahidlərin xatirələrinə əsasən, Əjdər bəyin bircə sözü istənilən vekseldən və ya iltizamdan daha sanballı tutuma malik imiş.


Əjdər bəy Aşurbəyov Sabunçu şəhər məktəbinin fəxri himayəçisi idi. Bu məktəbi o öz vəsaiti ilə saxlayır, nəinki müəllimlərin əməkhaqqını, hətta şagirdlərin ehtiyaclarının da müəyyən qismini ödəyirdi. Bundan başqa, Əjdər bəy xaricdə təhsil alan bir çox azərbaycanlı tələbələrə, o cümlədən Fransada təhsil alan görkəmli pedaqoq Səlim bəy Behbudova maddi yardım etmişdir.


Əjdər bəy 1909-cu ilin 29 aprel tarixində Qafqaz Tədris Mərkəzinin başçısına ərizə ilə müraciət edib Tiflisdə açılan “Qadın müsəlman məktəbi”nə yardım etmək istədiyini bildirir. Qafqaz Tədris Mərkəzinin rəhbərliyi bu yardımına görə onu məktəbin fəxri himayədarı seçir. Əjdər bəy müsəlman balalarının təhsil aldığı bu məktəbə hər il müəyyən məbləğdə pul göndərmiş, imkansız tələbələri şəxsi vəsaiti hesabına oxutmuşdur.


O, “Şollar” su kəmərinin, Sankt- Peterburq şəhərində inşa olunan məscidin və Sabunçu şəhər xəstəxanasının tikintisinə köməklik göstərmiş, “Nicat” cəmiyyətinin teatr bölməsində qoyulan tamaşalara sponsorluq etmiş, cəmiyyətin müxtəlif bölgələrə səfərlərinin təşkilatçılarından biri olmuşdur.


Əjdər bəy Yaponiyaya səfərindən sonra yapon memarlıq üslubunda Bakıdakı “Mikado” adlı teatrı (indiki Rus Dram Teatrının binası) və Göy məscidi tikdirmişdir.
Neft milyonçusu Teymur Aşurbəyov Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik mütərəqqi düşüncəli bir insan idi. O, məktəblər tikdirir, məscidləri bərpa etdirir, imkansızlara əl tutudu. T.Aşurbəyovun oğlanları: Əli bəy və Bala bəy də öz xeyriyyəçilik əməlləri ilə məşhur idilər. Onlar bir çox azərbaycanlı tələbələrə maddi yardım etmişlər. Buxara əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid inşa edilərkən onun tikintisinə Aşur- bəyovlar tərəfindən də böyük miqdarda vəsait ayrılmışdı. 1910-cu ildə məscid hazır olanda Bala bəy öz vəsaiti hesabına məscidin ibadət zalına böyük və dəbdəbəli büllur çilçıraq bağışlamışdı.


Bala bəyin xanımı İsmət xanım isə “Müqəddəs Nina” Qadın Xeyriyyə Cəmiyyətinin üzvü idi.

Sona Aşurbəyova yazır ki, bu nəslin səciyyəvi xüsusiyyəti onların heç bir təmsilçisinin mühacirətdə dünyasını dəyişməməsidir. Hətta 20-ci illərin əvvəllərində Bakını tərk etməyə məcbur qalanlar sonralar Vətənə qayıdıblar. Sovet hakimiyyəti illərində Aşurbəyovlar nəsli mülklərindən, evlərindən, torpaq sahələrindən, neft mədənlərindən və müəssisələrindən tamamilə məhrum edilmələrinə, repressiyaya məruz qalmalarına, dünyanın çox yerinə səpələnmələrinə baxmayaraq, fəaliyyətlərini mütərəqqi istiqamətdə davam etdiriblər.