Lampa xalçaları Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalçalardır. Şuşa qrupuna aid edilən "Lampa xalçaları" əvvəlcə XIX əsrin I yarısında Şuşada toxunmuş, bir müddət sonra həmin xalçalar Qarabağ xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində toxunmağa və təkmilləşməyə başladı. Bir qayda olaraq, "Lampa xalçaları" dəst (komplekt) şəkildə: iki yan və bir ortalıq xalçası kimi toxunurdu. Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölün yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir.