YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İt

İnsanlar dörd yüzədək it cinsi yetişdirmişlər. Qəribəsi budur ki, bütün itlər bir əcdaddan – canavardan törəmişlər. 


Qoyun itlərini götürək. Onlar çoxdur: əzələli, qayışbaldır Şərqi Avropa qoyun itləri; yumşaqtüklü kolli (Şotlandiya qoyun itləri); nəhəng qıllı, qısa ayısifət Qafqaz qoyun itləri; ağ, uzun qıvrım tüklü Cənubi Rusiya qoyun itləri. Bunların hamısı iri, güclü itlərdir. Şərqi Avropa qoyun itləri əla xidmət itləridir. Onlardan sərhəddə, cinayət axtarışında istifadə edilir. Xidmət itlərini xüsusi “it” məktəblərində öyrədirlər. Şotlandiya, Cənubi Rusiya və Qafqaz qoyun itləri qoyun sürülərini yırtıcı heyvanlardan  qoruyur, uzaq otlaqlara, çölə və ya dağlara çıxdıqda qoyunları müşayiət edir.


İri, ağır ayı pəncəli, quyruğu yumşaqtüklü, qara qıllı nəhənglərin – nyufaundlendlərin (və ya dalğıcların) xüsusi xidməti var. Bu itlər üzməyi bacardığından, onlara suda boğulanları xilas etməyi öyrədirlər. 


Bilirsinizmi ki, minaaxtaran itlər müharibə vaxtı adamlara necə kömək etmişlər? Onlar minaları axtarıb tapırdılar. İt partladıcı maddəni duyan yerdə otururdu. Özü də elə bir hal olmamışdır ki, it nahaq yerə “həyəcan” qaldırsın. İtlərin daha bir hərbi “ixtisası” sanitar xidmətidir; onlar döyüş yerində yaralıları axtarıb tapırdılar. İtlərlə məlumat da göndərilirdi. Onlar açıq yerdə sürünür, güllələrin altından şütüyüb keçir, adamların gedə bilmədiyi yerə gedirdilər. 


Xidmət itləri arasında böyük, sakit və qıllı, sarı və ya boz xallı ağ itlər də var. Bunlar senbernarlar – xilaskarlar adlanır. Neçə yüz il bundan əvvəl Alp dağlarında çətin və təhlükəli keçidlərdə monastır var idi. Bu cinsdən olan itləri də orada yetişdirmişlər. Çovğundan sonra və ya gecələr itləri darvazadan bayıra buraxırdılar. Onların hər birinin kürəyində yorğan və yemək qoyulmuş paket olurdu. İt on kilometrlərlə məsafəni qaçır, qarın altında qalanları, azmış yolçuları axtarıb tapırdı. 


Ov itləri çoxdur. Ov iti – layka öz əcdadı olan canavara çox oxşayır. Şimalda layka marallara çox yaxşı “çobanlıq” edir. İt kirşələri adam və yük daşıyır. 


Tazıların dar, uzun sifəti, yaraşıqlı bədəni, güclü və uzun ayaqları var. Bu cins Rusiyada yaradılıb. Onlar vəhşi heyvanın ardınca çox iti sürətlə qaçırlar. Sürətli atlara minmiş ovçular da bəzən onlardan geri qalırlar. Qəribə sifəti, qısa ayaqları, uzun bədəni olan it isə taksadır. O, porsuqların və tülkülərin qənimidir. Porsuq və tülkü həmişə dərin, bir neçə girişi və çıxışı olan yuvasında gizlənir. Onları oradan çıxarmaq asan deyil. Bu halda yuvaya balaca və çevik taksanı salırlar. Belə ov üçün kiçik və çevik foksteryerdən də istifadə edirlər.


Vəhşi heyvanı ov tulaları  hürməklə qovur. Ovçu heyvanın yolu üstündə bir yerdə dayanır, it isə tülkünü və ya dovşanı birbaşa onun üstünə qovur. Ov tulaları qoçaq, dözümlü itlərdir.


Qəşəng setterlər və balaca spaniyellər meşə və bataqlıq quşlarını ovlayırlar. Onlar quşu hiss edir, bir neçə addımlığında dayanır və qabaq pəncəsini düz qoyaraq çömbəlirlər. Bu, dayaq vəziyyəti adlanır. İt elə bil quşu göstərir. Yumşaq tüklü xallı itləri nahaq yerə poynterlər (ingiliscə “göstəricilər” deməkdir) adlandırmırlar. İtlərin böyük bir qrupu ev-dekorativ (bəzək) itləridir. Kiçik məzəli  bolonka və toyteryerləri rəqs etməyə öyrətmək və ya halqadan hoppandırıb keçirmək olur. Ev itlərinin, əsasən, hamısı balacadır, toyteryer isə lap balacasıdır – çəkisi 600-700 qramdır. Lakin bu itlər öz sahiblərinə çox sadiqdirlər, bəzən onu cəsarətlə müdafiə edirlər.