YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Motsart

Hələ iki yüz il bundan əvvəl, Avstriyanın Zalsburq şəhərində doğulmuş beş yaşlı fövqəladə musiqi istedadına malik Volfqanq Amadey Motsart haqqında söhbətlər bütün Avropaya yayılmışdı. Onun klavesində, skripkada, orqanda qeyri-adi ifaçılıq ustalığı, improvizasiya etmək (hazırlaşmadan musiqi bəstələmək və çalmaq) sahəsindəki fitri istedadı təkcə musiqi həvəskarlarını deyil, eləcə də məşhur bəstəkarları heyrətləndirirdi. Bir çoxları etiraf edirdilər ki, bu oğlan onların hamısını kölgədə qoyacaq. Motsart orijinal, valehedici musiqi melodiyalarını, demək olar ki, bir an içərisində yaradırdı. Olduqca ahəngdar, təsirli və sadə görünən bu melodiyalarda gah rəqslərə xas zəriflik, şuxluq, gah da mahnılara xas həzinlik, səmimilik, eləcə də duzlu bir məzəlilik güclü idi. 

 


Bu dahi oğlan haqqındakı hekayətlər əfsanəyə bənzəyirdi. Qəzetlər onun Almaniya, İngiltərə, İsveçrə, İtaliya və Fransadakı qeyri-adi konsertləri barədə məlumat verirdi. Fransızlar 6 yaşlı bəstəkara hörmət əlaməti olaraq onun skripka və klavesin üçün əsərlərinin not yazılarını kitabça halında nəşr etdirmişdilər. Motsart çox işləyirdi. O, bəzən gündə iki konsert verir, gecələr isə musiqi bəstələməyə məcbur olurdu. 
Motsart 14 yaşında ikən İtaliyanın Milan şəhərindəki opera teatrı ona “Mitridat Pont padşahıdır” operasını bəstələməyi sifariş etdi. Operanın ilk tamaşası 1770-ci ildə böyük uğurla keçdi. Bolonya şəhərinin musiqi akademiyasında da Motsart çox çətin sınaqdan keçməli olmuşdu. O, yarım saat ərzində bir səs üçün yazılmış qədim melodiyanın əsasında xor üçün bütöv bir musiqi əsəri bəstələmişdi. Beləliklə, 14 yaşlı Motsart akademiyaya üzv seçilmişdi. İtaliyada olarkən o, çoxlu mahnı, serenada, simfoniya və kvartetlər bəstələmişdi. 

 


İtaliya, Fransa, İngiltərə, Belçika və Hollandiyaya səfərləri zamanı Motsart bu ölkələrin musiqisi ilə yaxından tanış olmuşdu. Ümumiyyətlə, başqa xalqların nəğmələri xoşuna gəlirdi. Motsartın “musiqi səyahətləri” onun üçün ciddi və mühüm məktəb idi. Sonralar o yazıb: “Heç kim musiqi bəstələmək qanunlarının öyrənilməsinə mənim qədər əmək sərf etməyib. Mən bütün məşhur bəstəkarların musiqi əsərlərini böyük səy və diqqətlə öyrənmişəm”.

 


Motsartın ilk müəllimi atası olub. O, məşhur pedaqoq, bəstəkar və əla skripkaçı, çox işgüzar, lakin xasiyyətcə bir qədər soyuq təbiətli adam idi. Volfqanqa daha çox anasının xasiyyəti keçib. O, hər şeyə tez inanan, adamlarla asanlıqla dil tapan, məişət məsələlərindən az baş çıxaran insan idi. Motsart vəzifə və pul xatirinə zadəgan və əyanlar qarşısında əyilməmiş, saray musiqiçisinin nökər vəziyyəti ilə heç vaxt barışmamışdı. 

 


O, 26 yaşında ikən doğma Zalsburqu tərk edib, Vyanada müstəqil həyata başlayıb. Hər yerdə olduğu kimi, burada da hamı onun klavesində ifaçılıq məharətinə heyran qalırdı. Əsl musiqi həvəskarları Motsartın bəstələdiyi simfoniyalar və sonatalara, “Fiqaronun toyu”, “Don Juan”, “Sehrli fleyta” operalarına valeh idilər. 

 


Lakin o vaxtlar Vyananın saray teatrlarında italyan bəstəkarları dəbdə olduğundan burada alman musiqisinə düşmən münasibət hökm sürürdü. Motsart öz vətəninin musiqisini yüksəklərə qaldırmaq arzusunda idi. Lakin onun rəqibləri Motsartın yaradıcılıq fəaliyyətini məhdudlaşdırmağa cəhd göstərirdilər. O, knyaz iqamətgahları və zadəgan saraylarında laqeydliklə qarşılanırdı.

 


Daim maddi ehtiyac və mənəvi sıxıntı içərisində yaşaması, haqsız təhqirlərə məruz qalması Motsartın səhhətini pozub və onun erkən ölümünə səbəb olub. Motsart Vyanadakı Müqəddəs Mark qəbiristanında ümumi qəbirdə basdırılıb.