YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Leonardo da Vinçi

1502-ci ilin yayında Florensiya şəhərinin sakinləri küçədə qeyri-adi görkəmli bir adama rast gəlirdilər. Onun ağarmış uzun saçları başındakı beretin altından çiyinlərinə və kürəyinə tökülmüşdü. Uzun saqqalı sinəsinə çatırdı. Qalın, enli qaşları ciddi, diqqətli gözlərinin üstünə sallanırdı. Hündür, güclü bədənini geniş paltar örtmüşdü. Bu adam italyan boyakarı, heykəltəraşı, riyaziyyatçısı, mexaniki, mühəndisi və fizikanın ən müxtəlif sahələrində mühüm kəşfləri olan Leonardo da Vinçi idi. Ondan 7 min səhifəlik qeyd kitabçaları və əlyazmaları qalıb. Bu günədək onları axıradək öyrənib tədqiq etməyiblər. Bu qeydlərin arasında qəribə şeylər: “quş kimi uçan” aparat, paraşüt, sualtı qayıq, vertolyot, avtomat toxuculuq dəzgahı və s. çertyojları var. Lakin bunlar yüz illər keçəndən sonra ixtira edilib. Leonardo da Vinçi öz çertyojları ilə yüzillikləri qabaqlamış, təyyarənin meydana gəlməsindən neçə yüz il əvvəl uçan aparat icad etmişdi. Ancaq həmin dövrdə texnikanın aşağı səviyyədə olması Leonardoya öz fikirlərini həyata keçirməyə imkan vermirdi.


Rəssam Leonardonun əsərlərinin isə taleyi daha xoşbəxt olub. Onun tabloları və saysız-hesabsız rəsmlərinə rəssamın müasirləri də, özündən sonra gələn nəsillər də valeh olublar. Milyonlarla adamı Leonardonun yaradıcılığına cəlb edən onun əsərlərindəki həyatilikdir. İşıq və kölgənin köməyi ilə Leonardo real həyatın rəngarəngliyini bütün gözəlliyi ilə verə bilib. Ona bu işdə təbiət hadisələrini dərindən bilməsi kömək etmiş, alim Leonardo rəssam Leonardonun köməyinə gəlmişdir.


Qarşımızda Leonardonun məşhur əsəri, Mona Lizanın portreti (bu portret Cokonda da adlanır) durur. Portretdə bizdən 500 il əvvəl yaşamış gənc qadın təsvir edilib. Onun dodaqlarında zorla seziləcək sirli bir təbəssüm var. O, düşüncəli, dalğın, bir qədər də qəmlidir. Biz ona baxdıqca, onun zəngin və mürəkkəb daxili aləmini, qeyri-adi zəkasını görürük, duyuruq. Mona Liza mənzərə fonunda təsvir edilib. Uzaqda görünən dağlar, səma, çay, ağaclar sanki soyuq dumanlığa bürünüb. Leonardo üçün təbiətlə insan ayrılmaz vəhdət təşkil edir. Özünün qeyd dəftərçəsində o, çiçəkləri, palıd qozasını, pişiyi, quşun qanadlarını, parçanın qırışlarını, atın ayaqlarını böyük dəqiqliklə çəkib. O, insanın və heyvanların bədən quruluşunu yaxşı bilirdi. Bu, ona gözəl tablolar və rəsmlər çəkməkdə kömək edirdi.


Leonardo knyaz və zadəganların, əyanların İtaliyanın çiçəklənən torpağını viran qoyan dava-dalaş və toqquşmalarına nifrət edir, sülh arzulayırdı. Buna görə də o, ömrü boyu sərgərdan həyat sürməli olub, Florensiyadan Milana, Milandan Romaya, Romadan Florensiyaya köçüb. Müharibə alovlarına bürünmüş doğma İtaliyadan Fransaya getməyə məcbur olan Leonardo da Vinçi 1519-cu ildə orada vəfat edib. Fridrix Engelsin sözləri ilə desək, “Renessans dövrünün nəhənglərindən” olan böyük rəssam Leonardo da Vinçinin yaratdığı dahiyanə əsərlər yeni-yeni nəsilləri valeh edir, adamlara yüksək mənəvi keyfiyyət aşılayır.