YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mis

Saf, yəni heç bir qatışığı olmayan mis qırmızımtıl, təzə kəsiyi çəhrayı rəngli metaldır. Çox nazik mis təbəqəsi yaşılımtıl mavi rəngə çalır.


Mis insana çox qədimdən məlum olan yeddi metaldan biridir. Əbəs deyildir ki, bəşəriyyət tarixinin bütöv bir dövrünü Mis dövrü adlandırıblar. Azərbaycan ərazisində də yaşayan xalqlara mis metallurgiyası və misin emalı üsulları çox qədim zamanlardan məlum olub. Maddi mədəniyyət abidələrini dərindən öyrənməklə aşkar edilmişdir ki, hələ lap qədimdə Gədəbəydə, Daşkəsəndə və Dağlıq Qarabağda mis filizi çıxarılırdı. Mis filizini xüsusi dayaz quyularda və çalalarda əridirdilər; sonra ərimiş metalı xüsusi qəliblərin içərisinə töküb cürbəcür əşyalar – qazan, güyüm, badya və s. düzəldirdilər.


Bütün metallar arşında təkcə gümüş elektriki misdən yaxşı keçirir, amma Yer qabığında mis gümüşdən min dəfə çoxdur. Buna görə də elektrik cihazlarının və maşınlarının cərəyan keçirən hissələrinin çoxu misdən düzəldilir.


Mis çox yaxşı döyülür, uzanır və asanlıqla emal edilir. Misin daha bir qiymətli keyfiyyəti var: o, bir çox metallarla asanlıqla ərinti əmələ gətirir. Məsələn, tunc mislə qalayın ərintisidir. İnsanlar bu ərintini lap qədim dövrlərdə əldə etməyi öyrəniblər. Tuncdan qılınc, bəzək şeyləri, qab-qacaq düzəldir, heykəllər tökür və metal pul kəsirdilər.


Əgər misi sinklə qatışdırıb əritsələr, o zaman bürünc (latun) alınar. Bu, ucuz başa gələn metal ərintidir. Bürüncdən kimya aparatları üçün borular, avtomobil radiatorları düzəldilir. Bizim “xırda” pullarımız da, bürüncdəndir.


Misin müxtəlif ərintilərindən istifadə olunmayan bir sahə varmı? Gəmi mühərriklərinin podşipniklərində (buna yataq da deyirlər), su turbinlərində və dəzgahlarda xüsusi tunc növləri tətbiq olunur. Melxiordan – misin nikellə ərintisindən qab-qacaq və buxar turbinlərinin hissələri hazırlanır, ən etibarlı yaylar isə misin berillium ilə ərintisindən düzəldilir.


Misdən, yaxud onun ərintilərindən düzəldilən əşyalar uzun müddət nəm havada qalarsa, onların üzəri tünd yaşıl rəngli nazik pərdə ilə örtülür. Ona görə də mis qabları, məsələn, qazan, aşsüzən, güyüm, kəfkir və sairlərini qalaylayırlar, yəni onların üstünə nazik qalay təbəqəsi çəkirlər.


Ancaq elə bilməyin ki, mis təkcə texnikada gərəkdir. Torpaqda və bitkilərdə, eləcə də bizlərdən hər birimizin bədənində cüzi miqdarda mis olmalıdır. İnsan bədənindəki misin hamısını yığsaq bir sancaq başı düzəltməyə çatmaz, bununla belə bədəndə mis olmasa, insan xəstələnər. Torpaqda mis olmasa, bitki normal inkişaf etməz.


Təbiətdə tərkibində mis olan 170-dən çox mineral mövcuddur, lakin onlardan sənayedə yalnız 17-sindən mis almaq mümkündür. Mis də bütün başqa əlvan metallar kimi getdikcə çatışmır. Ona görə də mümkün olan bütün yerlərdə onu başqa metallarla əvəz etməyə çalışırlar. Məsələn, əvvəllər bütün dünyada əridilən misin demək olar ki, yarısı elektrik məftili hazırlamağa sərf edilirdi. Hazırda elektrik məftillərini ucuz və asan əldə olunan alüminium metalından düzəldirlər.