YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İlan

İlanların bədəni elastik olur. Əl-ayaqları yoxdur. Onlar gah yoğun ip kimi qıvrılır, gah da gözlənilmədən açılır və qıvrıla-qıvrıla sürünürlər. İlanlar sürünərkən qarın hissəsindəki pulcuqlu dərisi ilə yerin səthinə toxunur. İçəridən qabırğaların ucları müxtəlif tərəfdən bu dərinin “itələyir”. Əgər belə olmasaydı, ilan sürünə bilməzdi. Şüşə üzərində ilanlar sürünə bilmirlər. Amma ağaca asanlıqla dırmaşırlar. Bu işdə onlara möhkəm əzələləri kömək edir.


İlanlar üzə də bilirlər, böyük anakonda, yaxud bizim yaxşı tanıdığımız suilanı suda çox qalmağı sevir və çox gözəl üzür. Elə dəniz ilanları var ki, onlar bütün ömürlərini suda keçirirlər. Zahirən ilana oxşayan ilanbalığı da ilandan çətin seçilir.


İlanlar yumurta qoyurlar. Sonradan isə bu yumurtalardan xırda balalar çıxır.


İlanlar barədə əfsanə və nağıllar çoxdur. Belə bir əfsanə var ki, onların baxışları altında hər bir canlı donub qalır. İlanlar gözlərini qırpmır, çünki onların göz qapaqları yoxdur. Bu gözlər yalnız şəffaf pərdə ilə örtülü olur. İlanlar vaxtaşırı qabıqdan çıxırlar, hətta gözlərini örtən şəffaf “pərdələr” də yenisi ilə əvəz olunur. Lakin bu yarımşəffaf qabığı ilanın dərisi ilə səhv salmayın. Dəri qalır, özü də elə bil lak çəkilmiş kimi par-par parıldayır. Bu dövrdə ilanlar çox yaraşıqlı görünürlər.


İlanlar fısıldayırlar. Bu fısıltı heç də o demək deyil ki, onlar qəzəbləniblər. Fısıldamaqla ilanlar elə bil xəbərdarlıq edirlər ki, mən buradayam. Bəzi ilanların quyruqlarının ucunda buynuzaoxşar zınqırovlar var. Təhlükə hiss edən kimi ilan quyruğunu dik qaldırıb zınqırovları titrədir. Bu, o deməkdir ki, ilan səni görüb. İlanlar, əsasən, insanlara hücum etmirlər. Əgər ilanları tapdalamasınız, onlar heç vaxt sizi sancmazlar.


Azərbaycanda zəhərli ilanlardan səhra və ya çöl gürzəsini, Cənubi Qafqaz gürzəsini, Kiçik Asiya gürzəsini və s. misal göstərmək olar. Yırtıcı heyvanlardakı kəsici dişlər və caynaqlar kimi ilanların zəhəri də ov etmək və düşməndən mühafizə olunmaq üçün bir vasitədir. Zəhər ilanın başının hər iki tərəfində yerləşən vəzilərdə hazırlanır. Oradan o, xüsusi kanallarla zəhər dişlərinə axır. İlanlar dişləmirlər. Onlar sancdıqda zəhər dişlərin açdığı yaraya tökülür.


Çoxları səhvən belə düşünürlər ki, ilan dili ilə sancır. Əslində isə dil ilanların əsas duyğu orqanıdır. İlan uzun haçalı dili ilə ətraf mühiti hiss edir. Zınqırovlu ilanlarda gözlərdən bir az aşağıda iki kiçik oyuq var. Onların köməyi ilə ilan bütün canlıların bədəninin hərarətini mində bir dərəcə fərqlə hiss edir. Ona görə də bu ilanlar tam qaranlıqda da ov edə bilir. Alimlər bu orqanın sirrini öyrənməyə və ona oxşar cihaz düzəltməyə çalışırlar. Ən zəhərli ilanlar gürzələr və zınqırovlu ilanlardır.


Zəhərli ilanlardan başqa bir çox zəhərsiz ilanlar da var. Respublikamızın ərazisində zəhərsiz ilanlardan kor ilan, suilanları, təlxələr və s. yaşayır.


İnsanlar çox vaxt bir-birindən heç fərqlənməyən bütün ilanları qırırlar: xırda ilanları zəhərli olduğuna görə, iriləri gəlir məqsədi ilə - axı onların dərisindən əla çantalar, kəmərlər hazırlanır.


Əslində isə ilanlar xeyirli heyvanlardır. Onların zəhərindən qiymətli dərmanlar hazırlanır. İlan sancmasına qarşı isə xüsusi zərdabdan istifadə edilir.


İlan zəhəri əldə etmək üçün ilanları xüsusi yerlərdə - serpentarilərdə çoxaldırlar. Ölkəmizdə bir neçə belə serpentari var. İlandan zəhər almaq üçün onu məcbur edirlər ki, stəkanı dişləsin. Bəzi ilanlar bir neçə ay dalbadal zəhər verir.


İlanların başqa xeyri də var. Onlar çoxlu miqdarda zərərli gəmiriciləri məhv edirlər.