YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Maral

Marallar qrupuna bir sıra müxtəlif heyvan daxildir. Həm şimal maralı, həm Avropa meşələrində yaşayan adi cüyür, həm Uzaq Şərq maralı, həm Şimali Amerikadakı Virginiya maralları, həm xallı maral, həm də sığın bu qrupun üzvü sayılır. Ancaq onların arasında ən maraqlısı şimal maralıdır. Çünki bu heyvanlar sərt iqlim şəraitinə uyğunlaşmanın ən yaxşı nümunəsi ola bilər. Məsələn, qışda qarın üstündə getmək təhlükəlidir, batmaq olar. Ancaq şimal maralları batmır, çünki dırnaqları enlidir. Onlar, hətta bataqlıq yerlərdə belə asanlıqla hərəkət edirlər. Şimal maralının yunu da başqa heyvanların yunundan fərqlənir. Bütün heyvanların tükü dib tərəfdə qalın olur, uca getdikcə nazikləşir. Ancaq marallarda əksinədir. Buna görə də hətta şiddətli küləkdə belə bu tüklər bir-birinə yapışaraq heyvanı soyuqdan qoruyur. Maralın yunu həm də “xilasetmə kəməri” vəzifəsini görür: şimal maralları yaxşı üzürlər, çünki tüklərinin içərisi boşdur. Bütün maralların yalnız erkəyində, şimal marallarının isə həm erkəyində və həm də dişisində buynuz olur.

 

Marallar bəzən sayı bir neçə minə çatan sürü şəklində hərəkət edirlər. Yolda çox vaxt onlar çovğuna düşürlər. Belə olduqda sürüdəki heyvanlar bir-birinə möhkəm qısılıb hərəkət edirlər. Bu zaman onlar üşümürlər. Şimalda yaşayanlar maralların isti xəzini, möhkəm gönünü, dadlı ətini yüksək qiymətləndirirlər. Ancaq şimal maralını ovlamaq o qədər də asan iş deyildir. Onlar həssas və ehtiyatlıdırlar, qaçmaqda da tayları-bərabərləri yoxdur. Qədim zamanlardan bəri şimal xalqları əhliləşdirilmiş maral saxlayırlar. Maral bütün ev heyvanları – həm qoyunu, həm inəyi, hətta atı da əvəz edir. Hələ bu yaxınlara qədər it və maral qoşulmuş xizəklər şimalda yeganə nəqliyyat növü sayılırdı. Yüngül xizəyə qoşulmuş maral saatda 10 kilometr sürətlə hərəkət edərək, 100 kiloqram yük apara bilir.

 

Əhliləşdirilmiş şimal maralları bütün ili açıq havada otlayırlar; onlar insandan sığınacaq və yemək tələb etmirlər. Şimal maralları, əsasən, şibyələrlə qidalanır. Qışda qarın altından yem qazıyıb çıxarırlar. Marallar meşə, meşə-tundra, həmçinin dağ meşələrində yaşayır. Onlar yarpaq, zoğ, ağac qabığı və s. yeyirlər. Yazda və yayın əvvəlində 1-2 bala doğurlar. Marallar ov və sənaye əhəmiyyətli heyvandır, ancaq bəzi növlərinin sayı həddindən artıq azaldığından ovu qismən, yaxud tamamilə qadağandır.

 

Azərbaycanda nəcib maral və Qafqaz maralı, cüyür, xallı maral növləri yayılıb.