YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kirpi

Əgər meşədə gəzəndə xəzəllikdə kirpinin xışıltısını eşitsən, asanlıqla qaçıb ona çata bilərsən. Lakin onu əlinə götürə bilməzsən, çünki o, dərhal iynəli yumaq kimi yumrulanacaq. Buna baxmayaraq, kirpilər asanlıqla əhliləşir. Kirpi pis görmür, lakin onun “baş məsləhətçisi” burnudur. O, qısa pəncəsi, mütəhərrik və çevik burnu ilə cücüləri, onların sürfələrini axtarır. Kirpilər göbələk, giləmeyvə, cücü, xırda onurğalılar (o cümlədən ilan) və bitki, bəzən qurbağa da yeyir, siçan yuvasını dağıdır. Harada kirpi varsa, orada siçan olmur. Kirpi gecə həyat tərzi keçirən məməli heyvandır. Hamı yatanda o, ova çıxır. 


Yaşlı kirpidə uzunluğu 2-4 santimetr, eni 1 millimetr olan 16 minə qədər iynə olur. Onun çəkisi 1 kiloqram, uzunluğu isə 30 santimetrə çatır. Kirpi balaları çox yumşaq, iynəsiz, aciz və kor doğulurlar, çəkiləri 12-25 qram olur. İki həftədən sonra gözləri açılır və bu müddətdə onların iynələri də bərkiyir. Kirpi balaları iki aya qədər analarının dalınca gəzir, 3-4 həftədən sonra müstəqil qidalanmağı bacarırlar. Onlar da başqa heyvanların balaları kimi oynayır, bir-birini itələyir, iynələrini qabardır və asqırırlar. 


Kirpinin dişləri zəifdir, onu düşməndən iynələri qoruyur. Kirpilərə meşə, bağ və çay subasarında rast gəlinir. Yuvasını kolun altında, çuxurda düzəldir. Payızda quru yarpaq və otları daşıyıb ora yığır. Yumaq kimi yumrulanır və qış yuxusuna gedir. Bu zaman onun bədən temperaturu, bəzən hətta müsbət 6 dərəcəyə enir. Sərt şaxtalarda kirpi oyanıb “qızışmalı” olur, o, bunu hələ payızdan yığdığı piy ehtiyatı hesabına edir. Lakin kirpi tez-tez oyansa, o, piy ehtiyatını çox sərf edib yaza qədər zəifləyər. Yazda kirpi tamam oyanır, cücüləri, çılpaq ilbizləri, tarla siçanlarını acgözlüklə yeməyə başlayır. Azərbaycanda kirpilərin 2 növü – qulaqlı kirpi və adi kirpi var. İlanlar kirpidən qorxurlar. Kirpilər zərərli cücüləri qırdığı üçün çox faydalıdır, onları qorumaq lazımdır. Kirpi həm də ağıllı heyvan hesab edilir. Cizgi filmlərində kirpi həmişə ağıllı və xeyirxah kimi göstərilir.