YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zürafə

Zürafə dünyada ən hündürboylu heyvandır. Onun boyu 6 metrə çatır. Təkcə boynunun uzunluğu 3 metrə qədərdir. Heç bilirsiniz bu üçmetrlik boyunda neçə fəqərə var? Elə bilirsiniz ki, siçanın, yaxud itin boynundakından çoxdur? Xeyr! Zürafənin də, siçanın da, insanın da, eləcə də bütün məməli heyvanların boynunda düz yeddi boyun fəqərəsi var. Fərqi yalnız ondadır ki, zürafənin fəqərələri çox uzundur. 


İlk baxışda zürafə çox qəribə görünür. Uzun boyun üzərində çox kiçik başı, dəri ilə örtülmüş iki xırda buynuzu var. Qabaq ayaqları dal ayaqlarından çox uzundur. Quyruğu bir metrdir. Sarı dərisinin üzərində tünd qəhvəyi xalları var.


Zürafələrin hamısı heç də bir-birinə oxşamır. Təxminən yüz il bundan əvvəl Afrika meşələrində qeyri-adi bir heyvan tapılmışdı. Yerli əhali onu okapi adlandırıb. Bu heyvan xarici görkəminə görə eşşəyə oxşayır. Onun ipək kimi zərif tükü, ayaqlarında isə ağ-qara zolaqları var. Müəyyən edilmişdir ki, okapilər zürafələrin yaxın qohumlarıdır. Bu heyvanların hər ikisinin əcdadı okapilərə oxşayır. 


Meşədə heyvanların yem tapmaları üçün boyun uca olması çox da vacib deyil. Düşmənin yaxınlaşmasını görmək üçün də əla görmə qabiliyyətinə ehtiyac yoxdur. Onsuz da ağacların arxasından çox şeyi görmək olmur. Burada yaxşı eşitmək daha vacibdir. Meşədə bərk qaça bilməyin də bir o qədər əhəmiyyəti yoxdur. Yaxşı gizlənə bilsən, bəsdir. Zürafələrin yaşadığı savannalarda isə hər şey əksinədir. Yarpaqlar hündür ağacların başında bitir, burada yaxşı görmək eşitməkdən daha üstündür. Gizlənməyə yer olmadığı üçün təbiidir ki, bərk qaça bilmək ən vacib şərtlərdəndir. 


Uzun ayaqları və uzun boyu olan heyvan hündür ağaclardan yarpağı asanlıqla qoparıb yeyə bilər. Uzun ayaqlarla yırtıcı heyvanlardan da qaçmaq asandır. Zürafə ağacların başındakı cavan yarpaqları qoparır. Bu yarpaqlar daha şirəli olur. O, yırtıcı heyvanları tez görür. Uzun boynu ona daha uzağa baxmağa kömək edir. Xalxal dərisi isə ona ağacların kölgəsində gizlənməyə imkan verir. Qaçmağa gəlincə, zürafə əsl cıdır atlarından heç də pis qaçmır. 


Zürafənin əti yeyilir, dərisindən isə müxtəlif məmulat hazırlanır. Lakin zürafələrin yem ehtiyatı azaldığı üçün məhv olurlar. Sayı azaldığına görə qorunur.