YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Aqronom

Tutqun-qızılı buğda dənələri. Xırda muncuq dənəsinə oxşayan tünd rəngli kələm toxumları, ağ, par-par parıldayan düyü. Bunların hamısında həyat var, yatmış həyat. Bu həyatı oyatmaq üçün nə lazımdır?

Toxumları hara, hansı torpağa əkmək, sonra onlara necə qulluq etmək lazımdır? Nəhayət, hər toxumdan nə gözləmək olar? Sünbülmü, al-əlvan çiçəklərmi? Bəlkə də heç cücərməyəcək?


Bax, bütün bu suallara tarlaçılıq, əkinçilik haqqında elm olan aqronomiyanın nümayəndəsi – aqronom cavab verə bilər. 


Aqronomiya qədim zamanlardan məlum olsa da, bir elm kimi XVIII əsrdən inkişafdadır. O, əkinçiliklə, bitkilərin becərilməsi ilə bağlı olan hər şeyi – kənd təsərrüfatında işlədilən maşınları, torpağın və bitkilərin xassələrini, onların xüsusiyyətlərini, onlara təsir edə bilən havanı, zərərvericiləri və xəstəlikləri, kənd təsərrüfatında istifadə edilən gübrələri və başqa kimyəvi maddələri öyrənir.


İndi torpaq və bitkilər haqqında elm olmadan, nəsillərin əldə etdiyi, qazandığı biliklərə yiyələnmədən kənd təsərrüfatında heç bir iş görmək mümkün deyil. Aqronom isə bunları bilir. Elə buna görə də heç bir kənd təsərrüfatı müəssisəsində iş aqronomsuz keçmir. Onun iş yeri – tarlalar böyükdür. Bu gün bir tarlada taxıl yığımı qurtarır, o birində yer şumlanır, üçüncüsündə payızlıq bitkilər əkilir. Bunların hamısının adını bir-bir saymaq mümkün deyil.


Aqronom bütün bu işlərə rəhbərlik etməli, yoxlamalı, kömək etməlidir. Axı taxıl yığılarkən zəmidə biçilməmiş sünbüllər qala bilər; yer yaxşı şumlanmasa, qışda külək qarı sovurar, yaz mövsümünə torpaq özündə rütubəti saxlaya bilməz, əgər payızlıq bitkilər dayaz səpilərsə, onlar şaxtaya davam gətirməz və məhv olar, kartof bitkisinin dibi lazımi qədər yumşaldılıb doldurulmasa, yaxşı inkişaf etməz və az məhsul verər. Görürsünüzmü, aqronomun nə qədər işi var?


Elə bilirsiniz aqronomun işi təkcə bunlardan ibarətdir? Xeyr. Hansı bitkiləri, hansı sortu, özü də hansı üsulla əkmək lazımdır – bütün bunları aqronom həll edir. O yaxşı bilir ki, hansı torpaqda hansı maddələr çatışmır, hansı gübrələri hara, hansı miqdarda vermək lazımdır. Bir sözlə, onun ilboyu işi və qayğıları qurtarmır.


Amma taxıl, üzüm, kartof, kələm və s. ilə yüklənmiş maşınlar kənddən şəhərə yola düşəndə aqronom onlara baxaraq fərəhlənir. O bilir ki, yeni bol məhsulda onun da əməyi vardır.