YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Durna

Yəqin ki, çoxunuz bu gözəl quşların qaqqıldaşa-qaqqıldaşa qatarla havada uçmasına heyran-heyran tamaşa etmisiniz. Bəziləriniz yaz vaxtı onların necə rəqs etdiklərini də uzaqdan görmüsünüz. Durnalar haqqında nağıllarda, dastanlarda danışılıb, onları mahnı və şeirlərdə vəsf ediblər. Aranızda Vaqifin, Vidadinin, Zakirin “Durnalar” adlı qoşmalarını əzbər bilənlər də az deyil.


Bəlkə də siz bu quşların bir çox növləri olduğunu bilmirsiniz. Azərbaycanda daha çox rast gəldiyiniz boz durnalardır. Dünyanın bir çox ölkələrinə yayılmış boz durnalar köçəri quşlardır, onlar qışda isti ölkələrə - İraqa, İrana, Hindistana, Çinə, Aralıq dənizi və Afrika ölkələrinə uçub gedir, bəziləri isə Azərbaycanda qalıb qışlayırlar. Yay aylarında isə bu quşlara şimalda, o cümlədən Baltik dənizinin cənub sahillərində, Sibirdə, hətta tundra zonasında rast gəlmək olar. 


Boz durnalar – iri quşlardır. Onların çəkisi 4-7 kiloqram, hündürlüyü 90-115 santimetr, açılmış halda qanadlarının uzunluğu 2 metrdən çox olur. Boz durnalar, adətən bataqlıq yerlərdə, nəmişliyi çox olan düzənliklərdə, çay sahillərində yuva qurur, yuvaya, adətən, 2, bəzən 3 yumurta qoyurlar. Cüt-cüt yaşayan və çox ehtiyatlı olan bu quşların yuvaları bir-birindən xeyli uzaq – 5-6 kilometr, yalnız az hallarda 2-3 kilometr məsafədə olur. 


Onlar, əsasən, giləmeyvələr, bitki zoğları və toxumlar, müxtəlif cücülər, xırda gəmiricilər, qurbağalar, hətta ilanlarla da qidalanırlar. 


Azərbaycan ərazisində durnaların bir sıra başqa növlərinə də rast gəlmək olar. Bu durnalar respublikamızın ərazisi üzərindən baharda şimala, payızda isə cənuba uçarkən bəzən dincəlmək və ya gecələmək üçün yerə enirlər. 


Durnaların ən nadir növlərindən biri ağ durnalardır. 


Durnaların Amerika qitəsində yaşayan və köçəri olmayan növləri də var.