YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qriq Edvard

Görkəmli Norveç bəstəkarı, pianoçusu, dirijoru və musiqi xadimi Edvard Qriq 15 iyun 1843-cü ildə Norveçin Bergen şəhərində anadan olub. O vaxtlar Bergen şəhəri, xüsusilə şəhərin teatr həyatı Avropada özünəməxsus milli yaradıcılıq ənənələri ilə seçilirdi. Belə ki, burada Henrik İbsen və Byörnstern Byörnson kimi ədiblər öz ədəbi fəaliyyətlərinə başlayıblar.


Bergendə həmçinin Edvardın istedadını ilk dəfə görən digər norveç bəstəkarı Ole Bull da həyatının böyük hissəsini bu şəhərdə yaşayıb. Məhz bu bəstəkar Edvardın valideynlərinə gənc və istedadlı Edvardı Almaniyaya, Leypsiq konservatoriyasına göndərməyi məsləhət görüb. 1858-ci ildə Qriq Leypçiqə gedib. Edvard Qriqin yaratmış olduğu ən məşhur əsərləri Henrik İbsenin "Per Günt" dramına bəstələdiyi- "İnqridin giley-güzarları", "Ərəb rəqsi", "Per Güntün vətənə qayıdışı", "Solveyqin nəğməsi" kimi ölməz əsərləridir. Bununla yanaşı fortepiano üçün 6 lirik pyes, simfonik rəqslər, Norveç rəqsləri, g-moll tonallığında simli kvartet, a-moll tonallığında fortepiano və orkestr üçün konsertin də müəllifidir.


Qriqi bəzən Şimalın Şopeni adlandırırlar. Çünki o da dahi polyak bəstəkarı kimi fortepiano musiqisinə xüsusi diqqət yetirib, burada lirik, poetik hissləri tərənnüm edib. Onun fortepiano və orkestr üçün konserti, balladası, sonataları, kiçikhəcmli «Lirik pyesləri» romantik fortepiano musiqisinin ən dəyərli inciləri sırasına daxildir. Qriq həmçinin «Qu quşu», «Səni sevirəm» kimi gözəl mahnı və romanslar müəllifidir. Vəfatından iki il öncə Qriq səbirsizliklə gözlədiyi, arzuladığı əlamətdar hadisənin şahidi olub — Norveç öz müstəqilliyini qazanıb. Bəstəkarın yaradıcılıq fəaliyyətində də mühüm yeniliklər baş verib -o, Fransa, Hollandiya, İsveç Milli akademiyalarının fəxri üzvü, İngiltərə Kembric Universitetinin doktoru seçilir. Qriqin vəfatı ilə əlaqədar Norveçdə milli matəm günü elan olunur. Qriq musiqisi bu günədək Norveç musiqisinin yüksək zirvəsi və rəmzi olaraq qalır.


Qriq 125 mahnı və romans nəşr etdirib. Ölümündən sonra isə daha 20 pyesi işıq üzü görüb. Əsərlərinini bir qayda olaraq Norveç və Danimarka şairlərinin şerləri üzərində yazmış Qriq nadir hallarda H. Heyne, A. Şamisso və L.Ulanda kimi alman şairlərinə də müraciət edib. Bəstəkar Skandinaviya ədəbiyyatına, xususən də doğma Norveç ədəbiyyatına maraq göstərib. Qriq 4 sentyabr 1907-ci ildə Bergendə vəfat edib və həyat yoldaşı Nina Hagerupla eyni məzarda dəfn edilib.