YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Akkumulyator

Latın dilində “akkumulyator” “toplayan” deməkdir. Akkumulyator daxıl kimidir. Lakin o, pul yox, elektrik enerjisi toplayır. İçərisində kükürd turşusu olan bankaya iki qurğuşun təbəqəsi salın - ən sadə quruluşlu akkumulyator hazırdır. Elektrik enerjisi toplamaq üçün akkumulyatoru doldururlar, yəni onun içərisindən elektrik cərəyanı keçirirlər. Bu zaman qurğuşun təbəqəsinin üst qatı qurğuşun oksidinə çevrilir. İndi akkumulyatora elektrik lampası, ya da elektrik mühərriki birləşdirmək olar: qurğuşun oksidi yenə də qurğuşuna çevriləcək və topladığı enerjini qaytaracaq. Bu zaman lampa yanacaq, elektrik mühərriki fırlanmağa başlayacaq. Akkumulyator bütün enerjisini qaytardıqdan sonra onu yenə də doldururlar, elektrik daxılı yenə də enerji toplamağa başlayır. 


Akkumulyatorlardan elektrik xətləri vasitəsilə elektrik cərəyanı verilə bilməyən yerlərdə istifadə edilir. Tutaq ki, zavodun həyətində, yaxud vağzalın platformasında elektrik arabası – elektrokar hərəkət edir. Elektrokarın mühərriki akkumulyatorla işləyir. Avtomobil mühərrikinin işləməsi üçün onu əvvəlcədən fırlatmaq lazımdır. Bunu elektrik mühərriki, yəni starter edir, işəsalma qurğusu starter isə elektrik enerjisini akkumulyatordan alır. 


Sualtı qayıqlar (atom sualtı qayıqlarından başqa) ona görə suyun altı ilə üzə bilirlər ki, onların avar vintləri çox böyük akkumulyatorlardan enerji alan elektrik mühərrikləri ilə hərəkətə gətirilir. 


Kosmik gəmilərdə də akkumulyatorsuz iş keçmir. Axı orada elektrik enerjisinə ehtiyacı olan cihazlar çoxdur: radioqəbuledicilər, radioötürücülər, idarə edən müxtəlif mexanizmlər, elektrik lampaları, kosmik gəmi Yerin günəşlə işıqlandırılan tərəfində uçarkən, gəmidə olan günəş batareyaları günəşdən aldıqları işığı elektrik enerjisinə çevirir. Gəmi yerin qaranlıq tərəfinə keçdikdə isə günəş batareyaları ilə doldurulmuş akkumulyatorlar işləməyə başlayır. Akkumulyatorlar vasitəsilə alınan enerji çox baha başa gəlir. Əgər belə olmasaydı, onlardan daha çox istifadə edilərdi. Akkumulyatorların çox böyük və ağır olması da onların çatışmayan cəhətidir.