YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Akvarium

Balıq saxlamaq istəyən hər kəs bəzi şeyləri bilməlidir. Əlbəttə, hər şeydən əvvəl akvarium tapmaq lazımdır. Üçlitrlik kiçik şüşə balon da, okean balıqları üçün dəniz suyu ilə doldurulmuş nəhəng okeanarilər də akvarium ola bilər. 


Adətən uşaqlar adi şüşə bankanın dibinə qum, müxtəlif dəniz bitkiləri tökür, bəzən suya ilbiz də salırlar. Budur, artıq akvarium hazırdır. Ancaq bir də görürsən ki, akvariumu günün qabağına qoyurlar, su qızır, balıqlar da ölür. Yaxud balıqlar üçün o qədər çörək qırıntısı tökürlər ki, su bulanıb xarab olur. Ona görə də balıq saxlamaq fikrinə düşənlər gərək bir şeyi yadda saxlasınlar: akvarium balıqların “evidir”. Balıqlar burada özlərini çayda, göldə olduğu kimi hiss etməlidirlər. Bunun üçün də balıqlar və akvariumlar haqqında oxuyub öyrənmək, böyüklərlə məsləhətləşmək lazımdır. Dəqiq bilmək lazımdır ki, hansı balıqlara nə yedirtmək, hansı ilbizləri akvariuma salmaq olar. Məsələn, gölməçə ilbizi akvariumdakı bitkiləri korlaya bilər. 


Əvvəlcə adi dabanbalığı və ya qızılbalıq və onun növ müxtəlifliklərindən başlayın. Tülquyruq, dombalangöz balıqlar, komet də bu qisimdəndir. Bu balıqlar istiliyi 20 dərəcədən çox olmayan suda özlərini yaxşı hiss edirlər. Onların yerləşdiyi akvariumu sobaların yanına qoymaq olmaz. İlin soyuq vaxtında isə içərisində balıq olan akvariumu pəncərədən bir qədər aralı qoymaq lazımdır. Çünki 14 dərəcədən aşağı temperaturda balıqlar xəstələnib ölə bilərlər. 


Ekzotik, yəni qəribə, qeyri-adi balıqları da (qılıncbalıq, quppi, makropod) akvariumda saxlamaq mümkündür. Onlar isti suda yaşayırlar (suyun temperaturu 25 dərəcəyə yaxın olmalıdır). Bu balıqlar yerləşən akvariumu elektrik lampası ilə qızdırmaq lazımdır. Lampanı bayır tərəfdən akvariumun şüşəsinə söykəyirlər. Balığı suya buraxmazdan qabaq akvariumu yaxşıca səliqəyə salmaq lazımdır. Əgər akvarium təzə rənglənib, laklanıbsa, ağzına qədər su ilə doldurulub 2-3 gün saxlanmalıdır ki, lakın və rəngin iyi getsin. Sonra suyu boşaldıb, akvariumun dibinə 5-6 santimetr qalınlığında yaxşı yuyulmuş nəm qum tökülməlidir. Bundan sonra akvariumda bitki də əkmək olar. Bunun üçün zoomağazadan vallisneriya, oxyarpaq, kabomba kimi bitkiləri almaq olar. Sonra akvariuma qabın dörddə üçünə qədər su tökmək lazımdır. Yaxşı olar ki, suyu qıfla tökəsiniz, bu zaman bitkilər zədələnməz və qum suyu bulandırmaz. İndi suya üzən bitkilər – riççiya və ya su gülü (lemna) salmaq olar. Lakin hələ balıqları akvariuma buraxmaq tezdir. Gərək bitkilər suya uyğunlaşsın, su durulsun. Yalnız bir neçə gündən sonra su tamam şəffaf olacaq. Ondan sonra balıqları akvariuma salmaq olar. Dabanbalığı və qızılbalıqları gündə bir dəfə yedirtmək lazımdır. Ən yaxşı canlı yem ağcaqanad sürfəsi və ya borucu kəpənəyidir. Xırda doğranmış ət, qaraciyər, çörək qırıntısı da vermək olar. Ekzotik balıqlara günaşırı quru su birəsi, siklop (taygöz) və canlı sürfə yedirdilir. 


Balıqları həddən artıq yedirtmək olmaz. Artıq qalan yem akvariumun dibinə çökür, suyu turşudur və bulandırır. Su bulanarkən nə etmək lazımdır? Böyük bir banka götürüb akvariumdan ona su tökün və balıqları ora köçürün. Suyu başqa yerdən götürmək təhlükəlidir, çünki temperatur aşağı ola bilər. Balıqlar isə temperaturun kəskin surətdə dəyişməsini sevmirlər. Balıqları köçürəndən sonra akvariumda qalan köhnə suyun çoxunu boşaldın, bütün çökmüş çirki təmizləyin və ona təmiz su tökün. Bu suyun temperaturu akvariumdakı əvvəlki suyun temperaturu kimi olmalıdır. İndi balıqları akvariuma sala bilərsiniz. Unutmayın ki, balıqlar özlərini yaxşı hiss etməlidirlər. Yalnız belə olduqda akvarium sizə sevinc gətirə bilər.