YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kəngərli Bəhruz Şirəli bəy oğlu

Azərbaycan rəssamı
 
1892-ci il yanvarın 10-da Naxçıvanda anadan olub.
 
Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən məktəbə gedə bilmir və meylini rəssamlığa salır. 1910–1915-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki boyakarlıq və heykəltəraşlıq məktəbində oxuyur. Rəssam kimi yetişməsində Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının böyük rolu olur.
 
Yaradıcılığının ilk dövründə karikatura və digər satirik rəsmlərlə yanaşı, mənzərə və məişət səhnələrini əks etdirən “Qoca kişi”, “Toy”, “Elçilik” və başqa bu kimi, akvarel və boyakarlıq əsərləri yaradır. 
 
1914-cü ilin iyununda Naxçıvanda ilk böyük sərgisi nümayiş etdirilən rəssam yaradıcılığı boyu 2000-ə qədər rəsm əsəri çəkir. 
 
Onun yaradıcılığında mənzərə janrı mühüm yer tutur. “Şəlalə”,  “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” əsərlərində Naxçıvan mənzərələri, “Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri” kimi tarixi abidələrini əks etdirən rəsmlər xüsusi maraq doğurur.
 
1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən Bəhruz Kəngərli, Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların əks olunduğu “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və başqa portretlərdən ibarət silsilə əsərlər yaradır. Bu əsərlər təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də xüsusi dəyərə malikdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında yurd həsrətini, onların keçirdikləri hiss və həyəcanları, qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirə bilib.
 
Əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
 
Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu ildə Naxçıvan teatrında “Ölülər” (Cəlil Məmmədquluzadə), “Hacı Qara” (Mirzə Fətəli Axundov), “Pəri-cadu” (Əbdürrəhim bəy Haqverdiyev) tamaşalarına bədii tərtibat verib və geyim eskizləri çəkib.
 
1922-ci il fevralın 7-də 30 yaşında Naxçıvanda vəfat edib.
 
2001-ci il mayın 22-si Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” sərəncamına əsasən, Naxçıvan şəhərində muzeyi yaradılıb, qəbirüstü abidəsi ucaldılıb.