YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əmirov Fikrət Məşədi Cəmil oğlu

Görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı
 
1922-ci il noyabrın 22-də Gəncə şəhərində anadan olub. İndiki Bakı Musiqi Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin və Boris Zeydmanın sinfində oxuyub.
 
1942-1943-cü illərdə Gəncə Filarmoniyasının və 1947-ci ildə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-59-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib.
 
Səhnə musiqisi sahəsindəki fəaliyyətinə “Ürəkçalanlar” və “Gözün aydın” operettaları ilə başlayan Fikrətin ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı “Nizami” simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K.Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) dirijorluğu ilə ifa olunub.
 
1948-ci ildə “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında səsləndirilib.
 
Fransanın “Disk” musiqi jurnalında bəstəkarın simfonik muğam yaradıcılığına yüksək qiymət verilmişdi: “Şur” muğamında musiqi sənətinin bütün böyük əsərlərinə xas əzəmət və həqiqət vardır”. “Sovetskaya muzıka” jurnalında yer alan “Sovet musiqisi Fransa və Belçikada” məqaləsində qeyd olunurdu ki, Fikrət Əmirovun “Şur” simfonik muğamı bu ölkələrdə yüksək qiymət almışdır. “Nyu-York Tayms” qəzeti isə ABŞ-da “Şur” simfonik muğamının yazıldığı qrammofon valının buraxılmasını xəbər verirdi. 
 
1950-ci ildə dördhissəli “Azərbaycan” simfonik süitasını bəstələyən F.Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan “Sevil” operasını yazır. Bu operaya 1953-cü il oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ictimai baxış keçirilir. 
 
1965-ci ildə Fikrət Əmirov SSRİ Xalq Artisti adına layiq görülür.
 
Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifidir.
 
70-ci illərdə “Nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün “Azərbaycan qravürləri”ni, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını, “Min bir gecə” nağılları əsasında eyniadlı balet yazır.
 
1982-ci ilin mayında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.
 
1984-cü ilin yanvarında “Nizami” baletini tamamlayır.
 
Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
 
Operaları
“Ulduz” (1948),
“Sevil” (1953).
 
Baletləri
“Nəsimi dastanı” (1973),
“Xəzəri fəth edənlər” (1975) vokal-xoreoqrafik poema,
“Min bir gecə” (1979),
“Nizami” (1984).
 
Operettaları
“Ürəkçalanlar” (1943),
“Xoş xəbər” (1945),
“Gözün aydın” (1946),
 
Simfonik muğamları
“Şur” (1948),
“Kürd Ovşarı” (1948),
 
Suitaları
“Azərbaycan” (1950),
“Qarabağ” (1954),
Azərbaycan kappriçiosu (1961),
Simfonik rəqslər (1963),
“Simfonik portretlər” (1970),
 
Bundan başqa F.Əmirov metso-soprano, kamera orkestri və nağara üçün “Gülüstan Bayatı Şiraz” simfonik muğamının, Böyük Simfonik Orkestr üçün “Azərbaycan qravürləri”nin, fortepiano üçün on iki miniatürün və bir sıra məşhur mahnıların da müəllifidir.