YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nazim Hikmət

Nazım Hikmet Ran
 
Türk şairi, yazıçı, rəssam, dramaturq, Beynəlxalq Sülh Mükafatı laureatı 
 
1902-ci il yanvarın 20-də Yunanıstanın Saloniki şəhərində zadəgan ailəsində anadan olub. 
 
“Sərvliklərdə” adlı ilk şeri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc edilib. 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alır.
 
1924-cü ildə Türkiyəyə qayıdaraq “Oraq-çəkic” qəzetində, “Aydınlıq” jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etməyə başlayıb. 1925-ci ildə ona qiyabi olaraq 15 il həbs cəzası kəsilib. 1927-ci ildə gizli olaraq SSRİ-yə gəlib. Bakıda “Günəşi içənlərin türküsü” adlı ilk şeirlər kitabı nəşr olunub.
 
1938-ci ildə Türkiyəyə qayıdıb və 8 ay həbsdə saxlanılıb. 1929-1932-ci illərdə yazdığı “835 sətir”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitabları, “Cokonda və Şi-Ya–u” poeması, “Benerci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. Onun “Kəllə”, “Bir ölü evi, yaxud mərhumun naləsi”, “Bayramın ilk günü”, “Şöhrət və ya unudulan adam” pyeslərində kapitalizm quruluşu kəskin şəkildə tənqid edilib.
 
1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən “Gecə gələn teleqram” şer toplusuna görə yenidən 5 il həbs cəzasına məhkum olunur, bir il sonra amnistiya əsasında azad edilir. 1936-cı ildə Türkiyədəki son kitabı – “Şeyx Bədrəddinin dastanı” çapdan çıxır.
 
1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilir. Həbsxanada məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini və başqa əsərlərini yazır.
 
1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Hikmət SSRİ-yə köçür və bu dövrlərdə “Türkiyədə”, “Qərib adam”, “İvan İvanoviç vardımı, yoxdumu”, “Domokl qılıncı” və başqa pyeslərini, şeir və poemalarını, poeziyaya və dramaturgiyaya dair məqalələrini qələmə alır.
 
SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında “Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım”, “Məhəbbətim, kədərim mənim” filmləri çəkilib. Bəstəkar Arif Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazıb.
 
Türk poeziyasına sərbəst şeir vəzni gətirən Nazim Hikmət müasir türk ədəbiyyatına güclü təsir göstərib. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulub.
 
Nazim Hikmət 1963-cü ildə Moskva şəhərində ürək tutmasından vəfat edib və Novodeviçye qəbiristanlığında dəfn olunub.