YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Məhəmməd Sultan

Sultan Məhəmməd Şah İsmayılın, sonra isə onun oğlu Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvi sarayının rəssamı olub. O, eyni zamanda dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.


Özbək hakimi Şeybani xanın məğlubiyyətindən sonra 1510-cu ildə Şah I İsmayılın qoşunları Herata girərkən oradan bir çox rəssamları özləri ilə Təbrizə gətiriblər. İngilis sənətşünası Bazil Qreyin yazdığı kimi, 1521-ci ildə böyük Behzad da görünür, Şah İsmayılın göstərişi ilə Heratdan buraya gəlir. İsfahan, Qəzvin və İranın digər iri şəhərlərindən gəlmiş ustalar da burada çalışırdılar. O zaman artıq Sultan Məhəmməd saraydakı bədii emalatxanaya rəhbərlik edirdi. O, saray kitabxanasının baş rəssamı və şahzadə Təhmasibin müəllimi idi.

 

Behzadın Təbrizə gəlişindən bir il və ya daha az bir müddət sonra 1522-ci ildə Şah İsmayıl özünün xüsusi fərmanı ilə onu Kitabdar  və baş sənət müfəttişi təyin edir. Ancaq Şah İsmayılın ölümündən sonra onun oğlu şah I Təhmasib həmin vəzifəyə yenidən Sultan Məhəmmədi qaytarır.


Şərqin bir çox elm və sənət ustaları kimi Sultan Məhəmməd haqqında da bioqrafik məlumat olmadığı üçün, onun 1490-cı ildə anadan olması, XVI əsrin ortalarında isə vəfat etdiyi təxmin edilir.


O dövrün məşhur nəqqaşlarından biri olan Usta Behzadın Heratdan İraqa gəldiyi vaxtda Ustad Sultan Məhəmməd şahın kitabxanasında işləyirdi.


XVII əsrin əvvəllərində yaşamış görəmli tarixçi İsgəndər bəy Türkman Münşi məlumat verir ki, "Əlahəzrət Şah Təhmasib ustad rəssam Sultan Məhəmmədin şagirdi olub.


Tarixçi Budaq Qəzvini səlnaməsində (1530-1556) yazır ki, Şah Təhmasib üçün 1537-ci ildə məxsusi köçürülmüş "Şahnamə"nin məşhur əlyazma nüsxəsi üzərində dövrün ən tanınmış xəttat və miniatürçüləri düz 30 il işləyib. Köçürülməsi və illüstrasiyası üçün 5-10, hətta 20-30 il lazım gələn əlyazmalar haqda başqa orta əsr müəlliflərinin də əsərlərində qeyd olunur. Beləliklə, Şah Təhmasibin vaxtında hazırlanan bəzi əlyazmalar üzərində iş hələ Şah Ismayılın vaxtında başlamışdı. Bu isə o deməkdir ki, həmin əlyazmalar üzərində iş Behzad Təbrizə gəlməmiş başlanıb.


Əlyazmalara çəkilmiş miniatürlərdən başqa Sultan Məhəmməd ayrı-ayrı vərəqlərdə bir sıra portret və süjetli kompozisiyalar da işləmişdir.


Sultan Məhəmmədin Şərq poeziyası klassiklərinin əsərlərinə çəkdiyi miniatürlər, eyni zamanda ayrı-ayrı mövzularda yaratdığı miniatürlər dünyanın ən yaxşı muzeylərində və şəxsi kolleksiyalarda qorunmaqdadır. Dahi sənətkarın özünün və onun məktəbindən olan digər rəssamların əsərləri beynəlxalq hərraclarda yüksək qiymətləndirilir. Onun əsərlərindən "Şahnamə" (1573) hazırda Nyu-Yorkdakı Metropoliten, Nizaminin "Xəmsə"si (1539-1543) Londondakı Britaniya Muzeyinin, Hafizin "Divan"ı Kembricdəki Foqq muzeylərinin bəzəyidir.


Londandakı Britaniya Muzeyində saxlanılan və Şah Təhmasib üçün məxsusi hazırlanmış Nizaminin "Xəmsə"si mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir. Həmin nadir incinin qazandığı dünya şöhrətini Sultan Məhəmməddən başqa görkəmli Azərbaycan xəttatı Şah Mahmud Nişapuri, haqqında söz açdığımız emalatxananın miniatürçü rəssamlarından Ağa Mirək, Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli və Müzəffər Əli də bölüşürlər.


XVI əsrdə yaranmış Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədin çoxlu şagirdləri və ardıcılları da vardı. Onun "Ustad" deyə çağırılması da bununla bağlı idi. Sultan Məhəmmədin tələbələri arasında onun öz oğlanları Mirzəli bəy, Məhəmməd bəy, yaxın qohumu Mir Zeynalabdin, həmçinin Mir Seyid Əli, Müzəffər Əli, Şah Məhəmmədi və başqaları da vardı. Onların hər biri böyük sənətkar olmaqla yanaşı, Sultan Məhəmməd ənənələrinin davam etdirilməsində və Azərbaycan miniatür sənətinin gələcək inkişafında böyük xidmətlər göstərmiş, Təbriz məktəbinin ənənələrini bütün Şərqə yaymışdılar. Təkcə Türkiyə və Hindistana getmiş rəssamları xatırlamaqla bunu görmək mümkündür.