Təbiət

Yırtıcı bitki Nepentes

Nepentes (Nepenthes)― dünyanın ən gözəl və xoş ətirli bitkisi olmasına baxmayaraq həşəratların əsl düşmənidir.

 

Küpəli bitki Nepentes əsasən tropik Asiyada, qərbdə- Kalimantan, Seyşel, Barneo və Madaqaskar adalarında, şərqdə isə Yeni Qvineya, Şimali Avstraliya və Yeni Kalidoniyada olan meşələrdə bitir. İlk dəfə bu bitki 1658-ci ildə Madaqaskarda Fransız koloniyasının valisi Etienne de Flacourt tərəfindən aşkar edilmişdir. Hal-hazırda Nepentesin 120 növü qeydə alınıb. Onların çox hissəsi Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin qırmızı siyahısına daxil edilmişdir.

 

Nepentesin eni 10-12 sm, uzunluğu 5-50 sm arasında dəyişir. Nəhəng ağ, al-qırmızı və qırmızı ləkələri olan çiçəklər canlıların diqqətini uzaqdan belə cəlb edir. Küpənin girəcəyində olan çətirşəkilli qapaq bəzi təbiət hadisələrindən, xüsusilə yağıntılardan bitkini qoruyur. Həmçinin bura düşmüş həşəratlarla qidalanmaq istəyən heyvanlardan qorunma funksiyasını yerinə yetirir.  Çətirin daxilində yerləşən vəzlər həşəratlar üçün aldadıcı qida rolunu oynayır. Təhlükədən xəbərsiz, həyatda qalmaq üçün qida toplamaq istəyən həşərat “ləzzətli tələ”nin qurbanına çevrilir. Şirəyə gələn həşərat sürüşərək küpəyə, daha sonra heyvan mədəsini xatırladan küpənin dibinə düşür. Şirənin tərkibində müxtəlif fermentlər aşkar edilmişdir. Bir bitkidə şirənin miqdarı 1-2litr olmasına baxmayaraq, cücülərin sayı bir neçə yüzə qədər olur. 6-8 saat isə həşəratın tam həzm olunmasına kifayət edir.

 

Nepentesin fərqli növləri küplərinin ölçüsü, forması və rənginə görə fərqlənir. Küplər uzunluğu 2,5-30 santimetr arasında dəyişir və bəzi növlərdə 50 sm-ə qədər çata bilər. Əksər hallarda küplər parlaq rəngdə olur: əsasən qırmızı, ləkəli naxışlı solğun ağ və ya ləkəli açıq yaşıl rənglərdə.