Xəbərlər

“Doğma diyar” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Doğma diyar” respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dekabrın 19-20-də Xətai Sənət Mərkəzində açılacaq sərgidə 12 yaşa qədər uşaqların və 12-17 yaş arası yeniyetmələrin əsərləri nümayiş ediləcək.

 

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə keçirilən müsabiqədə 17 yaşına qədər uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini, mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhrəmanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdirəcəklər.

 

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq. Həmçinin sərgidə ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomları təqdim olunacaq. Ən yaxşı 20 əsər ilin sonunda Muzey Mərkəzində keçiriləcək Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yekun tədbirdə təmsil olunacaq və diplomla mükafatlandırılacaq.

 

Sərgiyə informasiya dəstəyi göstərən agentliklər arasında AZƏRTAC da var.