Bu maraqlıdır!

Mikroskopik incəsənət – Dünyanın ən kiçik heykəlləri

Onun mürəkkəb sənəti ilə yalnız mikroskop altında tanış olmaq mümkündür. Bu əsərlər o qədər kiçikdir ki, onları iynənin gözünə belə yerləşdirmək olur.

 

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Vliard Viqanın dünyanın ən kiçik əl işləri sayılan heykəlləri iki dəfə rekord vurub.

 

Onun ilk rekordu 2013-cü ildə 24 karat ölçüdə qızıl motosiklet olub. Daha sonra o, 2017-ci ildə xalça sapından insan embrionunun heykəlini yaradaraq öz rekordunu yeniləyib. Ginnesin Rekordlar Kitabına görə, heykəl 0,05388 mm (53,88 mikron) enində olub və Viqanın saqqalının içərisinə yerləşdirilib.

 

Onun inanılmaz yaradıcılığının digər nümunələrinə qum dənəsindən oyulmuş kilsə və kibrit çöpündən kiçik olan Mona Lizanın obrazı daxildir.

 

Kraliça II Elizabeta inanılmaz qabiliyyətlərinə görə Viqana mükafatlandırıb və bu istedad ona qlobal məşhurluq qazandırıb. Minnətdarlıq əlaməti olaraq Viqan Kraliçaya 2 mm-lik mismarın başına qoyulmuş tacın kiçik maketini təqdim edib.

 

Belə kiçik sənətə nail olmaq üçün Viqan bacarıqlarını və texnikasını təkmilləşdirmək üçün illərini sərf edib.

 

"Mən ürək döyüntülərim arasındakı fasilələrdə işləyirəm", - deyən Viqan izah edir: "Ürəyin necə döyündüyünü hiss edirəm və onun dayanmasını gözləyirəm, daha sonra isə həmin o fasilədə işləyirəm. Bu, sadəcə, nəfəsalma texnikasıdır".

 

Lakin bu gərgin yaradıcılıq prosesi uzun və çətindir. Belə ki, Viqan heykəlləri həftələrlə, gündə 16-17 saat işləməklə ərsəyə gətirir.

 

“Mən bu işlərimə görə həddindən artıq intensiv hərəkətlərə sahib olmağıma imkan verən autizmə borcluyam. Bu vəziyyətim olmasaydı, indiki kimi olmazdım", - deyə Viqan bildirib.