Şeirlər

Zəlimxan Yaqub. Dilim

Füzuli zirvəli, Vaqif axarlı,
Mənim Qorqud dilim, Ələsgər dilim!
Ömrümün naxışı, bəxtimin xalı,
Dadda, şirinlikdə bal, şəkər dilim!

 


Gözümün nurusan, başımın tacı,
Sən yollar süpürən ətək olmadın.
Heç zaman çəkmədin söz ehtiyacı,
Heç zaman dinəndə pəltək olmadın.

 


Dərdli anaların bağrından qopan,
Neçə yol dağlanıb, əzilən dilim.
Ruhuma işləyən, qanıma hopan
Sazın pərdəsindən süzülən dilim!

 


Düşmən döndərəndə toyları yasa
Durub boylanmağın yeri vardımı?
Sənin qüdrətinə arxalanmasa,
Xətai qılıncdan yapışardımı?!

 


Bayatı beşiyi, layla yuvası,
Mənim tarlı dilim, kamanlı dilim.
Kiməsə həmişə bahar havası,
Kiməsə həmişə dumanlı dilim!

 


« Ənəlhəq » bayraqlı, « heyrət » nidalı,
Misri qılıncım tək kəsərli dilim!
Nərəli, ləhcəli, səsli, sədalı,
Şerli, nəğməli, əsərli dilim!

 


Buluddan sıyrılıb, Günəşdən çıxıb,
Göylərin taxtından enib gəlmisən!
Ölməz dahilərin əlini sıxıb,
Tanrı qüdrətinə dönüb gəlmisən!

 


Hər gün çiçək açıb, bar- bəhər verib,
Dilimdən güc alıb elimin kökü.
Elimə, günümə gör nələr verib,
Sözümün şirəsi, dilimin kökü.

 


Dünyanın qəlbinə yatan dilimin
Özülü bir ölməz ruhdadı, bəlkə?
Budağı bu günə çatan dilimin
Kökü Adəmdədi, Nuhdadı, bəlkə?

 


Füzuli zirvəli, Vaqif axarlı,
Mənim Qorqud dilim, Ələsgər dilim!
Ömrümün naxışı, bəxtımın xalı,
Dadda, şirinlikdə bal- şəkər dilim!