Şeirlər

Nəbi Xəzri. “Çiçək”

Bu gün gözlərimə dəydi bir çiçək,
Yarpağı bəzəkli, rəngi səhərtək.
Onu mən uzaqdan görürkən, düzü,
Qopdu dodağımdan “gözəldir” sözü.

 

Mən ona yanaşıb baxdığım zaman,
Özüm də sözümə oldum peşiman.
Demə, saxta gülmüş o zərif çiçək,
Yarpağı bəzəkli, rəngi səhərtək.

 

Canlandı qarşımda, nurani üzlü,
Əziz, mərhum babam dodağı sözlü;
Elə bil söylədi yenidən bu an:
“Zahirə aldanma baxıb uzaqdan”.