Təbiət

Tikanlı şeytan kərtənkələsi

Tikanlı şeytan (thorny devil- Moloch horridus) Avstraliyada yaşayan kərtənkələdir. Molok (Moloch) cinsinin yeganə növüdür. Onu həmçinin dağ şeytanı, tikanlı kərtənkələ, tikanlı əjdaha, molok (mountain devil, the thorny lizard, or the moloch) adlandırırlar.

 

Tikanlı şeytan 20 sm-ə qədər uzana və 15-20 ilə kimi yaşaya bilir. Bu kərtənkələlər kamuflyaj xüsusiyyətinə malikdir. Belə ki, səhra qumu və yanmış qəhvəyi rəngdədir. İsti vaxtlar bu rəng solur, soyuq zamanlarda isə daha da tündləşir. Buqələmun kimi vəziyyətə görə rəng dəyişir. Dərisi sümüyə bənzər tikanlarla örtülüdür. Tikanlar canlının bədənin üst səthini əhatə edir, həm də onları düşmənlərdən müdafiə edir. Düşmənlərdən qorunmasında kamuflyaj xüsusiyyətinin də rolu böyükdür.

 

Qida və su axtararkən robot kimi hərəkət edir. Belə qeyri adi yeriş sanki donma və daşa çevrilmə təsiri bağışlayır. Boyunlarında saxta baş (false head) var. Düşməndən qorunan zaman əsas başını iki ön ayaqlarının arasında gizlədir və saxta başa bənzər orqanı göstərir. Saxta baş yumşaq toxumadan ibarətdir. Bu canlının dərisində olan kapilyarlar vasitəsilə su dəridən ağzına keçir. Beləliklə, sadəcə su olan torpağa bədənini toxundurmaq belə onlar üçün kifayətdir. Bundan əlavə əsas başın yanlarında iki buynuza bənzər və bədənin digər bölgəsindən daha möhkəm tikanlar var. Səhər bu tikanların üzərindəki şeh damcısı da ağzına süzülür. Həmçinin bu iki buynuz ona əjdaha görünüşü verir. Ona görə xalq arasında şeytan kərtənkələsi, tikanlı şeytan, buynuzlu kərtənkələ, tikanlı qurbağa adlanır.

 

İlk dəfə 1841-ci ildə bioloq Con Edvard Qrey tərəfindən qeydə alınıb. Molok cinsinin yeganə növü olsa da, bəziləri hələdə təbiətdə başqa növlərinin olduğunu düşünür. Mərkəzi Avstraliyanın çöllük və səhralıq ərazilərində yaşayır. Dişilər sentyabr və dekabr aylarında, təxminən 30 sm dərinlikdə olan oyuğa 3-10 arası yumurta qoyur.  Balalar 3-4 aydan sonra yumurtadan çıxır. Tikanlı olmasına baxmayaraq çox təhlükəsizdir.