Xəbərlər

Sumqayıt teatrının balaca tamaşaçılara Yeni il hədiyyəsi

Sumqayıt Dövlət Dram Teatrında son vaxtlar bir birindən maraqlı, asudə vaxtın səmərəliliyinə və bədii estetik zövqün formalaşmasına xidmət edən tamaşalar hazırlanır. Kiçik yaşlı uşaqları da nəzərə alan yaradıcı heyət onların Yeni il tətilinin maraqlı və yaddaqalan keçməsi üçün şən, şux, əyləncəli karnaval tamaşası hazırlayıb.

 

AZƏRTAC xəbər verir ki, dekabrın 18-də "Çeburaşkanın Yeni il sərgüzəştləri" adlı tamaşaya daxili baxışı keçirilib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti təbrik edərək mövzunun aktuallığı, karnaval prinsiplərinin gözlənilməsi və tempo -ritm baxımından uğurlu cəhətləri qeyd edib. Bununla yanaşı, bəzi aktyorlara balaca tamaşaçılarla ünsiyyətin səmimi alınması məqsədilə pafosdan qaçmağı tövsiyə edib və tamaşanın ayrı-ayrı məziyyətlərini vurğulayıb. Həmçinin yeni yaradılan məktəblilərdən ibarət alternativ bədii şura üzvləri təəssüratlarını yaradıcı heyətlə bölüşüb.

 

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı Alya Osmanova, rəssamı Nizami Dadaşovdur, rəqslərin quruluşu Ceyhun Dadaşova məxsusdur.

 

Rolları Əməkdar artist İsaməddin Bağırov, aktyorlar Şəhla Məmmədova, Firuzə Şərifova, Kamran Muradlı, Şəmistan Süleymanlı, Sevda Süleymanlı, Sevda Hüseynova, İlahə Səfərova və Elay Xasıyev ifa edirlər.

 

Balaca tamaşaçılar “Çeburaşkanın Yeni il sərgüzəştləri” ilə dekabrın 27-dən, 2019-cu il yanvarın 3-dək tanış ola biləcəklər.