Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 29 may, AZƏRTAC

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsi başa çatıb. 

 

Müsabiqənin yekun nəticəsi olaraq SMART OWL İnkişaf Mərkəzində sərgi keçirilib. 

 

Yaş kateqoriyası 7-15 olan müsabiqə iştirakçılarından yaradıcılıq potensialına və bacarıqlarına görə seçilmiş 17 nəfərin və 5 qalib müəllifin işləri sərgiyə çıxarılıb. 

 

Müsabiqədə iştirak edən əsərlərin ümumi sayı isə 122 olub.

 

Münsiflər heyətinin üzvləri arasında Rəssamlar İttifaqının üzvü, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Aytən Rzaquliyeva, Birinci Avropa Oyunlarının qızıl medalçısı, 2015-ci ilin Dünya çempionu, 2014-cü ilin Dünya Çempionatının bürünc mükafatçısı, 2014-cü ilin Avropa Çempionatının qümüş medalçısı, 2015-ci ilin Dünya Kubokun qalibi, Yunan-roma güləşçisi Rəsul Çunayev, SMART OWL Uşaq İnkişaf Mərkəzinin baş direktoru İlhamiyə Rzayeva, Mərkəzin Art Klubunun müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Roza Quliyeva yer alıb. 

 

Rəsm əsərlərinin seçimi isə Azərbaycanın əməkdar rəssamı, elmlər doktoru, Azərbaycan rəssamlar ittifaqının üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti və Rusiya Rəssamlıq Akademiyasının üzvü Rəşad Mehdiyevin sədrlik etdiyi münsiflər heyətinə həvalə edilib. 

 

Müsabiqənin qalibləri Zemfira Ələskər-zadə (15 yaş), Sevil Xələfova(10 yaş), Zəhra Məmmədova (13 yaş), Leyli Heydərli (11 yaş) və  Mina Əliyeva (10 yaş) olub.

 

5 nəfər qalibə diplom və SMART OWL Uşaq İnkişaf Mərkəzinin ustad dərsində iştirak kuponu təqdim olunub. Seçilmiş 17 müəllif isə sertifikatla təltif olunub.