Mədəni irsimiz

Bakı Opera Teatrının tarixi

Bakıdakı opera teatrı üçün tikilən binanın tarixi çox maraqlıdır. 1910-cu ildə Bakıya bir xanəndə qadın gəlir. Səsinin ahəngi, özünün gözəlliyi ilə Bakı milyonçularının diqqətini cəlb edir. Milyonçu Mayılov qardaşlarından böyüyü bu qadına bərk vurulur. Ona brilyant üzüklər, sırğalar, boyunbağılar, qolbaqlar bağışlayır.


Xanəndə xanım gah ağac və taxtadan tikilmiş “Sirk” binasında, gah da “Qış” klubunda konsert verirdi. Qastrol başa çatanda xanəndə xanımın şərəfinə təntənəli vida mərasimi düzəldirlər.
Söhbət zamanı xanımdan soruşurlar:
- Bizim şəhərə bir də nə vaxt gələcəksiniz?
Xanım başını bulayıb cavab verir: “Yəqin ki, heç zaman. Çünki mən sirk və kazino salonlarında oxumağa adət etməmişəm. Sizin bu gözəl, zəngin Bakıda münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin”.
Mayılov deyir: “Bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır olacaq və onu siz açacaqsınız”.
Razılaşırlar.


Hacı Zeynalabdin Tağıyev həmin əhvalatı eşidir. Mayılova rast gələndə söhbət əsnasında binanın tikilməsini xəbər alır. Mayılovun cavabından sonra deyir: “ Ağlım kəsmir o boyda binanı bir ilə tikdirib başa çatdırmaq mümkün olsun. Mən özüm bənna, sonra da podratçı olmuşam. Çoxlu evlər tikmişəm. Hər şeyi bilirəm. Çətin işdir”.
Mayılov gülümsəyib deyir: “Hacı, gəl mərcləşək. Əgər bina bir ilə hazır olmasa, mən onu başa çatdırıb verərəm sənə, olar səninki, xərci məndən. Yox, əgər başa çatdırsam, çəkdiyim xərci sən ödəyərsən, bina qalar mənə”.
Razılaşırlar. Mayılov binanı bir ilin əvəzinə səkkiz aya tamamlatdırır.


Səs bayıra yayılmasın, içəridə qalsın deyə, tavana başdan-başa ikiqat qalın məxmər, onun üstündən də keçə döşəyiblər.


Mayılov xanəndə xanıma teleqram vurur. O da Bakıya gəlir, operanın açılışında iştirak edir və birinci mahnını oxuyur. Şəhərin varlı adamları, musiqi və teatr ustaları açılışda iştirak edirlər. 


Beləliklə, cəmi on ay ərzində – 1910 – 1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. 


1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və dövlət opera teatrının yaranma tarixi bu vaxtdan başlayır. 

 

Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12 (25)-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. İnqilaba qədərki dövrdə Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah İsmayıl" (1919) operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, Reynqold Qlier), "Nərgiz" (1935, M.Maqomayev) və "Koroğlu" (1937, Ü.Hacıbəyov) operaları ilə zənginləşdi.
1940-cı ildə ilk milli Azərbaycan baleti – "Qız qalası" (Əfrasiyab Bədəlbəyli), "Vətən" (1945, Qara Qarayev və Cövdət Hacıyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, Əfrasiyab Bədəlbəyli) operaları tamaşaya qoyuldu.
50-ci illərdə teatrın repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri tamaşaya qoyuldu.

 

Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959 – cu ildən Akademik Opera və Balet Teatrı adlanır.


Ötən dövr ərzində inkişaf edən bu teatr indi respublikanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Azərbaycanın opera və balet sənətində yaxşı olan hər şey burada mərkəzləşmişdir. Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış etmiş və bu gün də çıxış etməkdədirlər.