Bayatılar

Laylalar

Layla dedim ağlama, 
Ürəyimi dağlama, 
Böyü bir qoç igid ol, 
Mənə ümid bağlama. 

 

 

Bağçamızda miyana, 
Gül sünbülə dayana. 
Oxu, bülbülüm, oxu, 
Bəlkə, balam oyana. 

 

 

Bir gül əkdim boyunca, 
İyləmədim doyunca, 
Ömrüm, günüm, uzansın, 
Bu balamın toyunca. 

 

 

Evində, eşiyində, 
Yat quzum beşiyində,
Dan ulduzu, bir də mən, 
Durmuşuq keşiyində. 

 

 

Qurban aran, dağ sənə, 
Güllü bağça, bağ sənə. 
A layla, oğlum, layla, 
Tutmuşam qaymaq sənə. 

 

 

A layla, yenə layla, 
Can deyim, sənə layla, 
Sənə gələn dərd-bəla 
Qoy gəlsin mənə layla. 

 

 

A layla, balam, layla, 
Alınmaz qalam layla. 
Sənə kəc baxanları, 
Yandırsın naləm layla.