Xəbərlər

Gəncə Uşaq Evinin sakinlərinin Yeni il sevinci

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə uşaq evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.

 

Bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Gəncədəki baş konsulu Zeki Öztürk, həmçinin şəhər ictimaiyyəti iştirak ediblər.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gəncə Uşaq Evinin sakinlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

 

Uşaq evinin sakinləri tədbiri "Cırtdanın Yeni il sərgüzəştləri" adlı səhnəciklə açıblar. Şaxta baba və Qar qızın tədbirə qatılması bayram şənliyini daha da maraqlı edib. Balaca fidanlar milli və xarici mahnılar oxuyub, müxtəlif rəqs nümunələri nümayiş etdirib, şeirlər səsləndiriblər.

 

Bədii hissədən sonra uşaqlar üçün bayram süfrəsi açılıb, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaq evinin sakinlərinə müxtəlif bayram hədiyyələri təqdim edilib.