Təbiət

Kivano

Çoxumuz zaman-zaman yeni, qeyri-adi, məşhur olmayan ekzotik meyvənin dadına baxmağı sevirik. Bu qeyri-adi, ekzotik meyvələrdən biri də Afrikada yetişən Kivanodur. Oval formaya malik olan bu qeyri-adi meyvənin içində jeleyə bənzər yaşıl mət və ağ toxumlar var, qalın yumşaq tikanlarla örtülüdür. Kivanonun narıncı qabığı sanki mərmər naxışlarla örtülüb. Meyvənin tərkibinin 90 faizini su təşkil edir.


Bəzən bu meyvəni zahiri görünüşünə görə digər ekzotik meyvə Anqureylə səhv salırlar. Kivanonu müxtəlif ölkələrdə cürbəcür adlandırırlar: buynuzlu yemiş, Afrika xiyarı. 


Bu meyvə əsasən subtropik və tropik ölkələrdə Cənubi Afrika və Cənubi Amerikada bitir və müxtəlif növləri var. Lakin daha geniş miqyasda bu bitkini ABŞ-da, İsraildə, Yeni Zelandiya və Kolumbiyada yetişdirirlər. Kivano, həmçinin dekorativ meyvədir. Gövdəsinin uzunluğu 3 metrdən 6 metrə çatır, yarpaqları isə xiyarın yarpaqlarını xatırladır. Kivanonun yetişdirilməsi üçün xüsusi tor qurulur və yarpaqlar böyüdükcə torun içərisində bütöv yaşıl örtük yaradır.


Kivanonun dadını təsvir etmək çətindir: dadına görə xiyar, banan və avokadoya bənzəyir. Salatlarda, südlü kokteyllərdə və meyvə içkilərində geniş istifadə olunur. Az kalorilidir. 


Kivanodan kosmetoloji məqsədlər üçün də istifadə edirlər. Ondan dərini yumşaq saxlamaq üçün maskalar hazırlanır. Afrikalılar qanı dayandırmaq üçün, dəridə yanığı sakitləşdirmək, yaraların tez sağalması üçün onun qabığından istifadə edirlər.