Təbiət

Madaqaskar əlayaqlısı- Ay-ay

Madaqaskarın şimal və şərq hissələrində yaşayan Ay-aylar (ali məməlilər dəstəsi) gecə primatlarının ən böyük canlısıdır. 


Planetin nadir heyvanlarından biri olan Madaqaskar əlayaqlısının çox qeyri-adi görünüşü var. Çəkisi 2,5 kiloqram, uzunluğu 30-37 santimetrdir. Onun kifayət qədər böyük başı, 18 dişi, iri gözləri və çox böyük qulaqları var. 


Tədqiqatçı Pyer Sonner 1780-ci ildə ilk dəfə bu heyvanı görən zaman qərara gəlib ki, bu, gəmiricilərin bir növüdür və dişləri sincabı çox xatırladır. Alimlərin bəziləri tədqiqatçının fikri ilə razılaşmayıb, Ay-ayların sistematik vəziyyəti haqqında uzun müddət qızğın mübahisələr aparılıb. Sonda bu canlının primatlar sinfindən olduğunu qərara alıblar. 


Maraqlıdır ki, süd dişlərinin dəyişikliyindən sonra onda köpək dişləri yox olur, əvəzində çox böyük kəsici dişlər görünməyə başlayır və ömrünün sonunadək bu dişlər artır. 


Ay-ayların bütün bədəni qara və ya qəhvəyi-qonur rəngli qalın və sərt tüklərlə örtülüdür. Onun orta barmağı əvəzedilməz alət rolunu oynayır. Onun köməyi ilə Ay-aylar öz tükünü təmizləyir, su (əvvəlcədən onu mayeyə batıraraq) içir və əlbəttə ki, özünə yem hasil edir.


Ağacın qabığında gizlənmiş böcək və sürfələrin axtarılmasında o, öz möcüzə-barmağını mütləq istifadə edir. O, əvvəlcə gövdəsi ilə onları taqqıldadır, münasib yemini taparaq qabığını deşir və  orta barmağını dəliyə soxaraq yemini götürür.


Ay-aylar həşəratlardan başqa, meyvə, qoz, gül nektarı və göbələklərlə qidalanırlar. Əgər onların əlinə kokos düşərsə, onda orta barmağını  yenidən işə salır, onun köməyi ilə kakosu tıqqıldadır və içərisindəki südün dərinliyini müəyyənləşdirir. 


Ay-aylar çox gec artır, dişi Ay-aylar bir bala verir.

 

Onu da qeyd edək ki, bu heyvanlar "Madaqaskar" cizgi filmindən sonra daha da məşhurlaşdı.