Təbiət

Sinqapur hörümçəyi

Vətəni Sinqapur olan Cyclosa mulmeinensis hörümçəkləri "öz surətini" düzəldərək yırtıcıları aldadır. Toruna düşmüş qurumuş bitkilərdən, yumurta qabıqlarından və qurbanların qalıqlarından, öz ölçüsü və rəngi ilə oxşar olan bir obyekt düzəldir.


Bu modelin hörümçəkdə olduğu kimi "ayaqları" var və hətta prototipi kimi işığı əks etdirir. Küləyin zərbəsi və ya tora toxunan bir şey olduqda isə "surət" bir az da hərəkət etməyə başlayır və əsl canlı hörümçəyə daha çox bənzəyir.


Yırtıcıların gözündə (əsasən eşşək arıları), hörümçək və onun "surəti" tamamilə fərqlənmir. Bir qayda olaraq, “surət” torun ən görməli, tən ortasında qurulur və yırtıcı hörümçəyi fərq etmədən başlayır surətə hücum etməyə. Bu zaman canlı hörümçəyin sığınacaqda gizlənmək üçün vaxtı olur. Hiylə işə yarayır.


Beləliklə, Cyclosa mulmeinensis hörümçəyi düşmənlərindən aldatma yolu ilə qorunur. Bu hörümçək həmçinin yumurtalarının da surətini yaradır və beləliklə davamçılarını yırtıcılardan qoruyur.