Nağıllar, hekayələr

Günəşlə Ay niyə küsüşdülər

Bir vaxtlar Günəşlə Ay dost idilər. Onlar bir yerdə yaşayırdılar, təsərrüfatları da ümumi idi. Günlərin bir günü Günəş alatorandan tarlaya yola düşdü və Aya nahar hazırlamağı tapşırdı. Ay əlini ağdan qaraya vurmadı. Tarladan qayıdan Günəş yemək deyilən şey tapmadı, o, üzünü Aya tutdu: - Yemək bişirmək istəmirsən, bişirmə, heç olmasa get, su gətir. 

 

Ay dinmədi, amma yerindən də tərpənmədi. Günəş bardağı əlinə aldı, Aya ocaq qalamağı tapşırıb, su gətirməyə getdi. Tənbəl Ay ocaq qalamağa da girişmədi. 

 

Günəşin özü işə başlamalı oldu. O, ocağın üstə su qoydu, odunu yandırdı və sıyıq bişirməyə başladı. Sıyıq bişəndə Günəş ocağın üstündəki suyu götürdü və Ayı yeməyə çağırdı. Ay elə bil bu çağırışı gözləyirmiş, qalxıb gəldi və girişdi sıyıq yeməyə. 

 

Günəş hirsləndi. Qeyzli-qeyzli güvəcdən yapışıb qışqırdı: 
- Ay iylənmiş tənbəl, aşırmağa həmişə hazırsan, amma özünü işə vermək istəmirsən! Günəş sözünü deyib, güvəci Ayın başına elə vurdu ki, güvəc qırıq-qırıq oldu, sıyıq isə başdan ayağa onu yandırdı. O vaxtdan Günəşlə Ay qanlı düşməndilər. 

 

Buna görə də Günəş səmaya çıxanda Ay gözə görünməkdən çəkinir. O, gecəni gözləyir və gecənin qaranlığında tək-tənha yolunu başa vurur.