Şeirlər

Gülzar İbrahimova. “Gündəliyin yarımçıq məsələsi”

Qalın Cəngi meşəsində,
Hündür bir dağ zirvəsində,
Meşənin öz heyvanları
Yığışmışdılar bir yerə.
«Tək əldən səs çıxmaz»,- deyə.
Heyvanlar yaşayan dağda
Hər bir kiçik məsələyə,
Baxılardı iclaslarda.
Vardı möhkəm qanun-qayda.
Tez-tez iclaslar çağrılar,
Sonra qərar yazılardı.
Qərar qəbul ediləndə
Böyük, kiçik bilinərdi,
Hamıya söz verilərdi.
Bir gün dediyim meşədə,
Dağın başın duman aldı
Hərə qaçdı bir tərəfə,
Qəfildən çovğun başladı.
Səhər oyanıb gördülər,
Yolda böyük qara daş var
Tufan onu dağdan salıb,
O da cığırı bağlayıb.


Heyvanlardan başçı sayılan Ayı
Növbədənkənar bir iclas çağırdı.
Gündəliyə bir məsələ qoyuldu,
O da «yolda daş məsələsi» oldu
Gündəlik bir səslə təsdiq olundu.
Danışmaqçün sədr qalxıb ayağa,
Çox kobud bir səslə dedi hamıya:
Yurdumuzda böyük fəlakət olub
Cığır yolu böyük daşdan tutulub.
Hərə bir təkliflə durub danışsın,
Nə desələr protokola yazılsın.


 
Qoy davam eyləsin iclas işini,
Görək qarışqalar nə eyləyirdi
Nə üçün iclasda onlar yox idi?
Qasırğa qovmuşdu o yazıqları
Düşmüşdülər onlar dağdan aşağı,
Qayıtdılar görüb sakit havanı
Boş gördülər qayıdanda hər yanı.
Baxdılar ki, məhlədə kimsə yoxdur,
Bir daş parçasından yol tutulubdur.
Düşündülər. yəqin yenə iclasdır,
Onların iş gücü hey danışmaqdır.
Yığışdılar bir yerə qarışqalar,
Daşdan yuxarıda durdular
Sonra daşa möhkəm bir təpik vurub,
Dərədən aşağı yombalatdılar.
Daş daha yoxuşda dayanammadı,
Diyirləndi düz yamaca yan aldı.
Yol açıldı qarışqalar şadlandı,
Sonra hamı düz iclasa yollandı.
Qarışqalar iclasda darıxdılar,
Gündəlikdən heç nə anlamadılar
Bir yerdə oturmaqdan yoruldular.


Durdu çaqqal danışmaqçün söz aldı
Dedi: Yoldan çəkmək üçün biz daşı,
Gərək tələsməyək, gözləyək yazı.
Yolun qarı, buzu gərək ərisin
Ağırlıq qaldıran kran da gəlsin!
Tülkü çıxış edib deməkçün sözün
O qalxdı ayağa, düzəltdi özün:
-Bununçün smeta ayırmalıyıq!
Biz köhnə borclardan qurtarmalıyıq,
Qaldırıcı kran çox baha gəlir
Büdcə çox kəsirdir gücümüz çatmaz
Xaricdən köməksiz bu iş baş tutmaz!
Məclis öz qərarın rəhbərə desin,
Bu iş yubanmasın həll olub getsin
Başçı tez-təcili qərar çıxarıb
Avropa Şurasından yardım istəsin!
İclas gedir vaxt isə uzanırdı,
Durub hamı təmkinlə danışırdı.
Daşı yoldan çəkmək üçün kənara,
Söz verildi bircə-bircə hamıya
Təkliflər yazıldı protokollara.
Səhər açılmamış başlanan iclas,
Gecə düşdüyündən yarımçıq qaldı.
İclasın davamı qalsın sabaha-
Durdu, - söyləyərək Cənab boz ayı.

 

Hamı tez yollandı mağarasına,
Amma görmədilər o daşı yolda.
Təəcübdən gözlərin bərəltdilər,
Bir-birinə baxıb çiyin çəkdilər.
Gördülər qarışqalar gülüşürlər
Bir-birlərinə nə isə deyirlər.
Kim ki,çıxış etməmişdi iclasda
Başladılar onlar donquldanmağa:
-Qarışqalar hər işə baş qoşurlar,
Qudurub lap özbaşına olublar
Hamının da işinə qarışırlar.
Hamı bildi, qarışqalar birləşib
Yolu kəsən o daşdan təmizləyib,
O soyuqda hamısı tər tökdülər
Həm utanıb, həm xəcalət çəkdilər
Beləliklə iclas sona çatmadı,
Gündəlik məsələ yarımçıq qaldı.